Las-Veqas Qran Prisi həftəsonunda FIA növbəti güc qurğusu qaydaları dövrünün 2030-cu ildə başlayacağı ilə bağlı bütün tərəflərin razılığa gəldiyini açıqlayıb.
Yeni qaydalar çərçivəsində 2,1 litrlik V8 mühərriklərinə və turbokompressora keçid, elektrik gücünün maksimum 200 kVt ilə məhdudlaşdırılması, eləcə də dayanıqlı yanacaqdan istifadə planlaşdırılır.
FIA-nın 2030-cu il üçün hazırladığı sənəddə yer alan, lakin ictimaiyyətə açıqlanmayan daha bir mühüm məqam altı güc qurğusu istehsalçısının hər birinin yalnız iki komandaya mühərrik verməsi ilə bağlı razılaşmadır.
Bu qərar xüsusilə Mercedes və Ferrari-yə təsir edəcək.
Hazırda Ferrari öz zavod komandası ilə yanaşı, Haas və Cadillac-ı da mühərriklə təmin edir. Lakin Cadillac 2030-cu ildən etibarən öz güc qurğusundan istifadə etməyə başlayacaq. Beləliklə, Ferrari-nin müştəri komandalarının sayı ilə bağlı məsələ öz-özünə həll olunacaq.
Red Bull Powertrains isə Red Bull Racing və Racing Bulls olmaqla iki komandaya mühərrik verəcək. Audi, Aston Martin-in tərəfdaşı Honda və Cadillac-ın səhmdarı General Motors da öz zavod komandalarına sahib olacaq.
Mercedes-in müştəri komandalarını nə gözləyir?
Bu qərardan sonra diqqətlər Mercedes və onun Briksvord mərkəzli Mercedes High Performance Powertrains (HPP) bölməsinin hazırkı müştəri komandalarına yönəlib.
Breklidəki zavod komandası ilə yanaşı, HPP hazırda McLaren, Williams və Alpine-i güc qurğuları ilə təmin edir.
2030-cu il üçün hazırlanan qayda FIA-nın Ümumünya Avtoiman Şurasının gələn ay Şanxayda keçiriləcək iclasında təsdiqlənərsə, bu üç komandadan ikisi yeni mühərrik təchizatçısı tapmalı olacaq.
Motorsport.com-un əldə etdiyi məlumata görə, həm McLaren, həm də Williams Mercedes ilə əməkdaşlığı davam etdirəcəklərinə əmindirlər.
McLaren-in baş icraçı direktoru Zak Braun cümə axşamı Las-Veqasda bu barədə danışarkən deyib: “HPP ilə əməkdaşlıq etməkdən çox məmnunuq. Düşünürəm ki, onlarla birlikdə çempionluqlar qazana biləcəyimizi sübut etmişik. Buna görə də bolidimizdə Mercedes-dən başqa hər hansı istehsalçının güc qurğusundan istifadə etmək niyyətimiz yoxdur”.
FIA-nın üçüncü tərəf mühərrik planı niyə gündəmdən çıxıb?
Artıq dəqiqləşən məsələlərdən biri də FIA-nın üçüncü tərəf mühərrik təchizatçısı yaratmaq planından imtina etməsidir.
2030-cu ildən güc qurğularının daha sadə və ucuz olacağı gözlənildiyindən, FIA prezidenti Mohammed Ben Sulayem komandaların müstəqilliyini qorumaqla bağlı narahatlıqları azaltmaq üçün markasız, standart mühərriklərin kənar təchizatçıdan alınması ideyasını irəli sürmüşdü.
Lakin altı güc qurğusu istehsalçısının hamısının 2030-cu il qaydalarının əsas prinsipləri ilə bağlı razılığa gəlməsi və hər birinin maksimum iki komandaya mühərrik verməsi nəticəsində 11 komanda üçün ən azı 12 güc qurğusu təchizatı imkanı yaranacaq.
FIA altı istehsalçıdan birinin layihədən çəkilməsi ehtimalına qarşı da təminat mexanizmi hazırlayıb. Buna əsasən, Formula 1-dən ayrılan istehsalçının güc qurğusu ilə bağlı əqli mülkiyyət hüquqları FIA-ya veriləcək. FIA isə həmin hüquqları çempionata qoşulacaq yeni istehsalçıya ötürə biləcək.
Hazırda olduğu kimi, istehsalçılar üçün mühərrik tədarükü öhdəliyi də qüvvədə qalacaq. Bu qaydaya əsasən, FIA mühərrik təchizatçısı ilə razılığa gələ bilməyən komandanın güc qurğusuz qalmaması üçün istehsalçılardan birini əlavə olaraq üçüncü komandaya da mühərrik verməyə məcbur edə biləcək.
2030-2034-cü illəri əhatə edəcək güc qurğuları üzrə büdcə limitinin əsas prinsipləri də razılaşdırılıb.
Büdcə limiti 2030-cu ildə hazırkı 190 milyon dollar səviyyəsində qalacaq. Daha sonra hər il 7,5 milyon dollar azaldılaraq 2034-cü il mövsümündə 160 milyon dollara çatdırılacaq.
Bundan başqa, hazırkı mühərriklərin inkişafının 2028-ci ildən etibarən dondurulması, həmin ilin yayına qədər isə V8 mühərriklərinin dinamometr sınaqlarının qadağan edilməsi gözlənilir. Bu tədbirlər mövcud istehsalçılara iki fərqli mühərrik layihəsi arasında resurslarını daha səmərəli bölüşdürməyə imkan verəcək.
Mövcud istehsalçılara yeni iştirakçı General Motors ilə müqayisədə büdcə limiti baxımından daha geniş güzəştlər də veriləcək. Bununla da General Motors Şarlot şəhərindəki V8 proqramına diqqətini yönəldə biləcək. GM-in ilk bir neçə il ərzində 170 milyon dollarlıq büdcə limitini qəbul edəcəyi bildirilir.







Şərh əlavə et