Qətər və Əbu Dabidə keçiriləcək mövsümün son iki yarışı ərəfəsində çempionatın lideri olan Rafael Kamara Invicta Racing ilə mövsümünü vaxtından əvvəl başa vurmaq qərarına gəlib.
Braziliyalı sürücü 2027 mövsümündə tam ştatla yarışacağı Haas-ın heyətində Formula 1-in daha iki yarış həftəsonunda iştirak etmək üçün F2 proqramından ayrılıb.
Kamaranın Formula 2-dən ayrılması ilə Invicta Racing-də boşalan yer Audi-nin gənc sürücüsü Freddi Sleyterə verilib.
2026-cı il FIA Formula 3 Çempionatını ikinci yerdə başa vuran Sleyter Qətər və Əbu Dabi yarışlarında mübarizə aparacaq. Britaniyalı sürücü Formula 1 yarış həftəsonunda ilk dəfə Mexikoda iştirak edib və birinci məşq sessiyasında Qabriel Bortoletonun, San Pauluda isə Niko Hülkenberqin bolidini sürüb.
Audi-nin yarış direktoru və Sürücü İnkişaf Proqramının rəhbəri Allan Makniş Sleyterin Formula 2-yə gözləniləndən tez keçməsindən məmnun olduqlarını bildirib.
Allan Makniş: “Freddinin Formula 2-də ilk yarışına gözləniləndən daha tez çıxmaq imkanı qazanmasına şadıq.
Mövsümün son iki yarışı gələn il ilk tam mövsümünə başlamazdan əvvəl ona dəyərli təcrübə qazandıracaq. Beləliklə, o, Invicta Racing ilə işləməyə başlaya və çempionata alışa biləcək.
Bu, onun inkişafında daha bir mühüm addımdır və Audi Sürücü İnkişaf Proqramı çərçivəsində birlikdə gördüyümüz işlərlə də tam uzlaşır.
Freddinin trassa çıxmasını səbirsizliklə gözləyirik. Mövsümün son iki yarışında ona və Invicta Racing-ə uğurlar arzulayırıq”.







Şərh əlavə et