Xəbəri Kokpitdə Oxuyun!

Norrisin LN4 Fusion komandası 2027-ci ildən F2-də yarışacaq

Lando Norrisin kartinq komandası Fusion ilə birlikdə yaratdığı LN4 Fusion 2027–2029-cu illərdə Formula 2 çempionatında iştirak etmək hüququ qazanıb.

Ötən ilin sentyabrında yaradılan və ilkin mərhələdə Formula 3 və Formula 4-ə qatılmağı hədəflədiyini açıqlayan LN4 Fusion müraciət prosesini uğurla tamamlayaraq Formula 2-yə vəsiqə qazanıb. Əvvəlki AIX komandasının aktivlərini təhvil alan kollektiv qarşıdakı üçillik dövr üçün çempionata qəbul edilən yeganə yeni komanda olub. LN4 Fusion digər 10 komanda ilə birlikdə mübarizə aparacaq və gənc pilotların Formula 1-ə gedən yolunda mühüm rol oynamağı hədəfləyəcək.

Komandanın Böyük Britaniyadakı fəaliyyətinə Fusion kartinq layihəsinin rəhbəri Den Heyzlvud nəzarət edəcək. Avropa bölməsi isə əvvəllər Prema-da çalışmış mütəxəssislərə həvalə olunub. Prema-nın keçmiş rəhbəri Rene Rozin komandaya məsləhətçi və komanda rəhbəri kimi qoşulub. Keçmiş texniki direktor Qiyom Kapietto isə yarış direktoru vəzifəsini icra edəcək.

Formula 2-nin baş icraçı direktoru Bruno Mişel LN4 Fusion-ın çempionata qoşulmasından məmnunluğunu ifadə edib: “Yeni üçillik dövr üçün dünyanın hər yerindən çoxsaylı müraciətlər aldıq. Bu, çempionatımızın gücünü və cəlbediciliyini bir daha sübut edir. Gənc pilotları Formula 1-ə hazırlamaq üçün ən yaxşı mühiti təmin edən mövcud 10 komandamızın hamısını qoruyub saxladıq. LN4 Fusion-ı da aramızda görməkdən çox məmnunam. Əminəm ki, onlar çempionata böyük təcrübə gətirəcək və dəyərli töhfələr verəcəklər”.

LN4-ün baş icraçı direktoru Den Riçards isə komandanın Formula 2-yə qəbulunu tarixi hadisə kimi qiymətləndirib: “2027-ci ildə FIA Formula 2 çempionatının start düzülüşünə daxil olmaq hüququ qazandığımız üçün inanılmaz dərəcədə qürurluyuq. Bu, LN4 Fusion üçün tarixi mərhələdir və sentyabrda komandanı yaradarkən müəyyən etdiyimiz məqsədə doğru atılmış çox mühüm addımdır.

İlk gündən məqsədimiz pilotlar üçün aydın inkişaf yolu təqdim edən, istedadlı insanların uğur qazana biləcəyi rəqabətədavamlı və dayanıqlı təşkilat qurmaq olub. Formula 2 Formula 1-dən əvvəlki son və ən çətin çempionat kimi bu məqsədimizin mərkəzində dayanır.

Komandanı yaratdıqdan belə qısa müddət sonra çempionatda iştirakımızı təmin etmək böyük uğurdur. Bununla belə, bu, yalnız başlanğıcdır və Formula 2-də rəqabətin nə qədər yüksək səviyyədə olduğunu yaxşı anlayırıq.

İndi bütün diqqətimizi möhkəm təməl yaratmağa və pilotlarımıza ən yüksək səviyyədə yarışmaq imkanı verməyə yönəldəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et