Gələn mövsüm LN4 Fusion-un heyətində Ceyms Eqosi, Qabriel Qomes və Dion Qovda çıxış edəcəklər. Hər üç pilot Formula 3-də debüt edəcək. Onların arasında 2026-cı ildə ən böyük uğurlara amerikalı Eqosi imza atıb. O, Avropa Formula 3 Kubokunda səkkiz qələbə qazanıb, 12 dəfə podiuma yüksəlib və dörd dəfə poul mövqeyinə sahib olub. Ceyms mövsümün başa çatmasına iki mərhələ qalmış çempionluğunu təmin edib.
Braziliyalı Qomes bu il Avropa Formula Regional seriyasında çıxış edib. O, 48 xal toplayaraq çempionatda 14-cü yeri tutub. Hindistanın Benqaluru şəhərindən olan Qovda da mövsümü həmin seriyada keçirib. O, 25 xal toplayıb və çempionatı 20-ci pillədə başa vurub.
Formula 3-ün daha bir neçə komandası da 2027-ci il üçün pilotlarını açıqlayıb.
Campos Racing meksikalı Ernesto Rivera ilə əməkdaşlığını davam etdirəcəyini təsdiqləyib. Rivera 2026-cı ildə iki qələbə qazanıb, üç dəfə podiuma yüksəlib və fərdi sıralamada yeddinci yeri tutub.
Matteo de Palo Trident-dən MP Motorsport-a keçib. İtaliyalı pilot ötən mövsüm cəmi yeddi xal toplayaraq fərdi sıralamada 24-cü yeri tutub. Onun yeni komanda yoldaşı ART-dən ayrılan Maciej Qladış olacaq. Polşalı pilot 2026-cı ildə Silverstounda keçirilən bazar günü yarışında qalib gəlib və mövsümü 12-ci yerdə başa vurub.
Ferrari Sürücü Akademiyasının yeni üzvü Nikkolo Makanyani isə 2027-ci ildə Trident-in heyətində çıxış edəcək. 16 yaşlı italiyalı pilot ötən mövsüm Formula 3-də iki mərhələdə iştirak etsə də, xal qazana bilməyib.

Şərh əlavə et