Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Avstraliya yarışı ləğv olunub

2027-ci ildən MotoGP təqvimində yer almayacaq Filip Aylend trasında vida yarışı keçirilməyib. Bunun əvəzinə pilotlar azarkeşləri salamlayaraq simvolik dövrə vurublar.

Günün ilk saatlarında Moto3 və Moto2 yarışları ləğv edilib. Daha sonra təşkilatçıların Bakı vaxtı ilə saat 08:30-da başlamağı planlaşdırdığı MotoGP-nin əsas yarışı da hava şəraitinin yaxşılaşmaması səbəbindən rəsmi olaraq təxirə salınmadan ləğv edilib. Beləliklə, Filip Aylend gələn ildən etibarən təqvimdəki yerini Adelaidanın küçə trasına verməzdən əvvəl son yarış həftəsonunu yarışsız başa vurub.

Yarışların keçirilməməsi ilə əlaqədar təşkilatçılar tribunaları dolduran minlərlə azarkeş üçün alternativ vida proqramı hazırlayıblar. MotoGP rəhbərliyinin rəsmi açıqlamasında deyilir: “Yağışlı hava şəraiti və tibbi helikopterin fəaliyyətinə mane olan aşağı görünmə məsafəsi səbəbindən günün bütün yarışları ləğv edilib.

Yarışın əvəzinə MotoGP pilotları təhlükəsizlik avtomobilinin arxasında bir dövrə vuracaq və azarkeşləri salamlamq üçün əsas düzlüklə dayanacaqlar”.

Bazar günü verilən ləğv qərarı çempionluq mübarizəsinə də birbaşa təsir edib. Şənbə günü sprint yarışında sağ biləyini sındıran və əsas yarışda iştirak edə bilməyən Xorxe Martin yarışın ləğvi sayəsində lider Mark Markeslə xal fərqinin daha da artmasının qarşısını alıb.

Rauf Hacıyev

Şərh əlavə et