Sprint yarışı öncəsi Filip Aylend trasına yağış yağıb, lakin startdan əvvəlki isinmə dövrəsində yağış dayanıb.
Yohann Zarkodan başqa bütün pilotlar ön təkərdə Hard, arxa təkərdə isə Soft tərkibli təkərlərə üstünlük veriblər. Zarko isə yağış damcılarını və sərin hava şəraitini nəzərə alaraq ön təkərdə Medium tərkibli təkər seçib.
Start işıqlarının sönməsi ilə Mark Markes əla start götürərək mövqeyini qoruyub. Xorxe Martin isə Yohann Zarkonu qabaqlayaraq ikinci yerə yüksəlib.
Bred Binder startda altı mövqe qazanıb. Raul Fernandes isə 11-ci yerə qədər geriləyərək startın ən çox itirən pilotu olub.
İkinci dövrədə Aleks Markes Xorxe Martini qabaqlayaraq ikinci yerə yüksəlib. Lakin bir neçə döngə sonra Martin mövqeyini geri qaytarmağı bacarıb.
Daha sonra Martin liderlik uğrunda hücuma keçib. Mark Markes ilk cəhddə mövqeyini qorusa da, növbəti hücum qarşısında geri çəkilməli olub və Martin yarışın liderliyini ələ keçirib.
Yohann Zarko motosikletində yaranan mexaniki problem səbəbindən sonuncu yerə geriləyib. Daha sonra boksa qayıdaraq yarışı dayandırıb.
Ön qrupda isə Xorxe Martinin səhvindən sonra Mark Markes liderliyi geri alıb. İki pilot arasındakı gərgin mübarizə bir neçə döngə də davam edib. Bu arada Fabio Di Cianantonio Pedro Akostanı qabaqlayaraq dördüncü yerə yüksəlib.
Liderlik uğrunda təkər-təkərə mübarizənin davam etdiyi vaxt Xorxe Martin səkkizinci döngədə qəza edib və sprint yarışını başa vura bilməyib. Beləliklə, ispaniyalı pilot həm sprint yarışındakı mübarizəni, həm də çempionatın liderliyini Mark Markesə təhvil verib.
Finişə dörd dövrə qalmış Raul Fernandes də boksa qayıdaraq yarışdan çəkilib.
13 dövrəlik sprint yarışının sonunda damalı bayrağı ilk keçən Mark Markes qələbə qazanıb. Qardaşı Aleks Markes ikinci yeri tutub, Fabio Di Cianantonio isə podiumun son pilləsinə yüksəlib.
Marko Bezzekki dördüncü, Pedro Akosta beşinci olub. Onları müvafiq olaraq Ay Oqura və Bred Binder izləyiblər.




Şərh əlavə et