Xəbəri Kokpitdə Oxuyun!

MotoGP Avstraliya: Markes poul qazanıb

Mark Markes Avstraliya Qran Prisinin sıralanma turunda ən sürətli nəticəni göstərərək yarışa poul mövqeyindən başlamaq hüququ qazanıb.

 

Filip Aylend trasında sıralanma sessiyası Q1 mərhələsi ilə başlayıb. Start siqnalının verilməsi ilə pilotlar pit yolundan trasa çıxıblar.

Q1

İlk dövrələrdə sürücülər nəticələrinə təsir edən güclü küləyə uyğunlaşmağa çalışıblar. Bir neçə dövrədən sonra temp yüksəlməyə başlayıb.

İlkin cəhdlərdə Yohann Zarko 1:36.557 saniyəlik nəticə ilə liderliyə yüksəlib. Cek Miller ikinci, Françesko Banyaya isə 1:37.871 saniyəlik dövrə ilə üçüncü yerdə qərarlaşıb.

Fabio Kuartararo 1:37.586 saniyəlik nəticə göstərərək Banyayanı qabaqlayıb və Cek Millerin arxasında üçüncü yerə yüksəlib.

Qısa pit-stopdan sonra Banyaya nəticəsini yaxşılaşdıraraq 1:37.354 saniyəlik dövrə vurub və yenidən üçüncü pilləyə qalxıb. Zarko isə 1:35.997 saniyə ilə liderliyini möhkəmləndirib.

Banyaya vaxt itirmədən növbəti cəhdinə başlayıb. Lakin 1:36.759 saniyəlik nəticə ilə kifayətlənərək Cek Milleri qabaqlayıb və ikinci yerə yüksəlib.

Q1-in son dəqiqələrində Bred Binder 1:35.996 saniyəlik dövrə ilə Zarkonu cəmi 0,001 saniyə qabaqlayaraq liderliyə yüksəlib. Lakin Cek Miller 1:35.461 saniyəlik nəticə ilə cavab verərək birinci yerə keçib.

İker Lekuona 1:36.296 saniyəlik dövrə vurub, Zarko isə nəticəsini 1:35.919 saniyəyədək yaxşılaşdıraraq ikinci yerə yüksəlib.

Damalı bayrağın dalğalanması ilə Q2 mərhələsinə vəsiqə qazanan pilotlar Cek Miller və Yohann Zarko olublar.

Q2

Qısa fasilədən sonra Q2 mərhələsi başlayıb və pilotlar yenidən trasa çıxıblar.

15 dəqiqəlik sessiyanın başlaması ilə eyni vaxtda yağış da başlayıb. Trasın islanması tutuş səviyyəsini azaldıb.

Mark Markes ilk sürətli dövrəsində dördüncü döngəyə daxil olarkən ön təkərin tutuşunu itirib və çınqıllıq sahəyə sürüklənib. Motosikletini işlək vəziyyətdə saxlamağı bacaran ispaniyalı pilot vaxt itirmədən qaraja qayıdıb, ehtiyat motosikletinə keçərək yenidən trasa çıxıb.

Zarko 1:36.599 saniyəlik nəticə ilə liderliyə yüksələrək sessiyanın ilkin tempini müəyyənləşdirib.

Marko Bezzekki 1:38.012 saniyəlik dövrə ilə beşinci yerdə qərarlaşıb. Zarko isə 1:36.136 saniyəlik nəticə ilə liderliyini daha da möhkəmləndirib.

Q2-nin yeddi dəqiqəsi geridə qaldıqda Markes ehtiyat motosikleti ilə sürətli dövrəsinə başlayıb və 1:36.049 saniyəlik nəticə ilə liderliyi ələ keçirib.

Son beş dəqiqəyə yaxınlaşarkən Bezzekki 1:38.703 saniyəlik dövrə vurub. Zarko isə 1:35.706 saniyə ilə Markesi qabaqlayaraq liderliyə yüksəlib. Bezzekki növbəti cəhdində də lazımi tempi tapa bilməyib.

Sessiyanın son dəqiqəsində Cek Miller 1:35.984 saniyəlik nəticə ilə ikinci yerə yüksəlib. Mark Markes isə damalı bayraqdan sonra tamamladığı dövrədə 1:34.203 saniyəlik nəticə göstərərək poul mövqeyini qazanıb.

Markesin qardaşı Aleks Markes ondan 1,5 saniyə geri qalaraq ikinci yeri tutub. Zarko isə üçüncü pilləyə geriləyib.

Damalı bayraqdan sonra tamamlanan digər dövrələr ilk üçlüyün sıralamasını dəyişməyib. Beləliklə, Filip Aylend trasında keçiriləcək yarışa poul mövqeyindən Mark Markes başlayacaq.

Rauf Hacıyev

Şərh əlavə et