Avstraliya Qran-prisinin ilk sərbəst yürüşü texniki yoxlamalardan sonra start siqnalının verilməsi ilə başlayıb. Pilotlar trasa çıxaraq bir neçə dəqiqə isinmə dövrələri vurublar. İlk dəqiqələrdə Marko Bezzekki, Xorxe Martin və Raul Fernandes dövrələrini tamamlayıb, Bezzekki isə liderliyə yüksəlib.
Fermin Aldeqeri əvəz edən Iker Lekuona baryerlərə çırpılaraq ağır qəza keçirib. Bununla belə, pilot öz gücü ilə ayağa qalxaraq qaraja qayıda bilib.
Mark Markes sürətli dövrəsini tamamladıqdan sonra Bezzekkinin nəticəsini 0,186 saniyə üstələyərək liderliyi ələ keçirib. Bezzekki isə qısa müddət sonra 1:29.246 nəticə göstərərək yenidən birinci pilləyə yüksəlib.
Yürüşün gedişində Bred Binderin motosikletindən sıx tüstü qalxıb və texniki nasazlıq yarandığı bildirilib. Binder motosikletini təhlükəsiz şəkildə trasın kənarına çəkərək dərhal ondan uzaqlaşıb və qaraja qayıdıb. Hadisədən sonra sarı və ya qırmızı bayraq göstərilməyib.
Binderin motosikletindəki problemdən az sonra Raul Fernandes də ağır qəza keçirib. Döngədə motosikletinə nəzarəti itirən ispaniyalı pilot bir neçə dəfə çevrilərək baryerlərə qədər sürüklənib. O, sağ əlini ağrıdan tutub. Bir müddət yerdə qaldıqdan sonra boksa qayıdan Fernandesin vəziyyətinin yaxşı olduğu bildirilib.
Yürüşün 15-ci dəqiqəsində Bezzekki nəticəsini 1:28.898-ə çatdıraraq öz rekordunu yeniləyib. Mark Markes isə cəmi 0,022 saniyə geridə qalaraq ikinci olub.
Qəzasına baxmayaraq, Fernandes trasa qayıdaraq sürətli dövrələr vurmağa davam edib. Daha sonra Mark Markes 1:28.423 nəticə ilə liderliyə yüksəlib. Bezzekki isə bir neçə dövrə sonra 1:28.278 nəticə göstərərək yenidən birinci pilləni tutub.
Yürüşün 30-cu dəqiqəsində Raul Fernandes ən sürətli dövrəni vuraraq liderliyə yüksəlib.
Cek Miller son dövrələrdə ən sürətli nəticəni göstərərək liderliyi ələ keçirib. Lakin avstraliyalı pilot qısa müddət sonra ağır qəza keçirib. İlk döngədə motosikletinə nəzarəti itirən Miller bir neçə dəfə çevrilsə də, öz gücü ilə ayağa qalxa bilib. Onun da vəziyyətinin yaxşı olduğu bildirilib.
Fernandes sürətli dövrəsi ilə Milleri geridə qoyaraq liderliyə yüksəlib. Lakin Mark Markes gecikmədən cavab verib və 1:27.985 nəticə ilə yenidən birinci pilləni tutub.
Beləliklə, Mark Markes Avstraliya Qran Prisinin ilk sərbəst yürüşünü ən sürətli pilot kimi başa vurub.




Şərh əlavə et