Xəbəri Kokpitdə Oxuyun!

İndoneziya MotoGP: Sprintin qalibi Markesdir

2026-cı il MotoGP İndoneziya Qran P risinin 13 dövrədən ibarət sprint yarışında qələbəni Mark Markes qazanıb.

Start işıqlarının sönməsi ilə sprint yarışı başlayıb. Raul Fernandes liderliyini qorusa da, ilk döngənin ortasında Marko Bezzekki və Fernandes qəza keçiriblər. Döngənin daxili trayektoriyasını bağlayan Fabio Di Cianantonio qəza edən sürücülərdən yayınmağa çalışarkən trasdan kənara çıxıb. Beləliklə, Bezzekki və Fernandes mübarizəni erkən başa vurublar. Hadisədən sonra Xorxe Martin liderliyə yüksəlib. Mark Markes ikinci, Ai Ogura isə üçüncü yerdə qərarlaşıb.

 

Beşinci dövrədə Martin Mark Markeslə arasındakı fərqi təxminən 1,5 saniyəyə çatdırıb.

Fabio Di Cianantonio, Mark Markes, Pedro Akosta və Fermin Aldeqer tras limitlərini pozduqlarına görə xəbərdarlıq alıblar.

Doqquzuncu dövrəyədək fərqi tədricən azaldan Markes döngənin daxili tərəfindən soyuqqanlı ötmə manevri edərək Xorxe Martini geridə qoyub və liderliyi ələ keçirib. Martin isə rəqibindən uzaqlaşmayaraq cəmi 0,3 saniyə geridə qalıb.

11-ci dövrədə Martin döngədə səhvə yol verərək trasdan çıxıb. Nəticədə Ai Ogura və Fabio Di Cianantonio onu geridə qoyublar və Martin dördüncü yerə geriləyib.

Son dövrələrdə liderliyini qoruyan Mark Markes finiş xəttini birinci keçərək sprint yarışında qələbə qazanıb. Ai Ogura ikinci yeri tutub, Fabio Di Cianantonio isə üçüncü olaraq podiumu tamamlayıb.

Rauf Hacıyev

Şərh əlavə et