Sprint yarışının səkkizinci dövrəsində, 8-ci döngədə çempionluq uğrunda əsas rəqibi Mark Markeslə liderlik mübarizəsi aparan Xorxe Martin yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib və çınqıllıq sahəyə yıxılıb. Xərəkdə trasdan çıxarılan və dərhal tibbi mərkəzə aparılan Aprilia pilotunun ilkin müayinəsi zamanı sağ biləyində sınıq aşkarlanıb.
Yarışdan əvvəl Markesdən 2 xal öndə olan Martin rəqibinin sprint yarışında qələbə qazanmasından sonra çempionatda 10 xal geriyə düşüb. İspaniyalı pilotun zədələnməsi ilə onun bazar günü əsas yarışda iştirak edə bilməyəcəyi dəqiqləşib.
Aprilia rəsmi açıqlamasında hadisə ilə bağlı bunları bildirib: “Xorxe Martin qəza etdikdən sonra dərhal trasdakı tibbi mərkəzə aparılıb. Rentgen müayinəsinin nəticələrinə əsasən, sağ mil sümüyündə sınıq, dirsək sümüyünün uc hissəsində isə mümkün zədələnmə aşkarlanıb. Vəziyyətin dəqiqləşdirilməsi üçün Martin daha ətraflı müayinələrdən keçəcək.
Pilotumuz Xorxe Martin sabah keçiriləcək yarışda iştirak üçün yararsız elan edilib”.
Gələn həftə Malayziyada, daha sonra isə Qətərdə keçirilməsi planlaşdırılan yarışlar öncəsi baş verən bu zədənin Martinin traslardan nə qədər uzaq qalacağına təsiri hələ məlum deyil. Bununla belə, hadisə Mark Markesə səkkizinci MotoGP dünya çempionluğuna gedən yolda böyük fürsət yaradıb.
Avstraliya Qran Prisinin əsas yarışında iştirak etməyəcək digər pilot Raul Fernandes olacaq. O, İndoneziya mərhələsində Marko Bezzekki ilə təmasdan sonra iki barmağındakı zədə ilə mübarizə aparırdı. İspaniyalı pilot vəziyyətinə görə yarışdan çəkilmək qərarına gəlib.




Şərh əlavə et