Xəbəri Kokpitdə Oxuyun!

B.Mişel: F2 Qətər və Əbu Dabidə yekunlaşacaq

Formula 2-nin rəhbəri Bruno Mişel Yaxın Şərqdəki təhlükəsizlik narahatlıqlarına baxmayaraq, Qətər və Əbu Dabi mərhələlərinin ləğv olunmayacağını və mövsümün planlaşdırıldığı kimi başa çatacağını bildirib.

Fevralın sonlarında başlayan münaqişə Yaxın Şərqdəki qeyri-sabitliyi daha da artırıb. Bunun avtoidmana təsirlərindən biri də yarış təqvimlərində dəyişikliklər olub. Formula 2-nin Bəhreyn və Səudiyyə Ərəbistanı mərhələləri ləğv edilərək onların əvəzinə Mayami və Monreal yarışları əlavə edilib.

Formula 1 rəhbərliyinin və yarış təşkilatçılarının maliyyə səbəblərini də nəzərə alaraq mərhələləri birtərəfli qaydada ləğv etmək istəmədikləri və yarışları planlaşdırıldığı kimi keçirməyə ümid etdikləri bildirilir. Bununla belə, F1 Qətər və Əbu Dabi Qran Prilərinin keçirilməyəcəyi ehtimalına qarşı alternativ plan hazırlayıb. Bu ssenaridə dekabrın ilk həftəsonunda İmolanın ehtiyat variant kimi təqvimə daxil edilməsi nəzərdə tutulur.

Formula 2 isə sentyabrın sonunda Bakı mərhələsinə əlavə yarış daxil edib. Formula 3 də Bəhreyn mərhələsinin əvəzini çıxmaq üçün Madridin ev sahibliyi edəcəyi mövsüm finalına əlavə yarış daxil etmişdi. Buna görə də F2-nin Bakı ilə bağlı qərarının mümkün yeni ləğvlərə qarşı ehtiyat tədbiri olduğu barədə fikirlər səsləndirilib.

Lakin Bruno Mişel çempionatın planlarında heç bir dəyişikliyin olmadığını bildirib: “Hazırda vəziyyət tam aydındır: Qətər və Əbu Dabi təqvimdə yer alır və çempionatı bu iki mərhələ ilə başa vuracağıq.

Bu məsələdə Formula 1-in mövqeyini izləyirik. F1 bütün vəziyyətdən və bu iki yarışı ən yaxşı şəraitdə keçirmək üçün görülməli işlərdən tam xəbərdardır. Yarışlar da məhz bu şəraitdə keçiriləcək.

Bizi qarşıda möhtəşəm çempionatın son mərhələləri gözləyir və üç pilot titul uğrunda mübarizə aparır. Qətər və Əbu Dabidəki son iki yarışı böyük həyəcanla gözləyirik”.

Kolton Hertanın açıqlaması isə bu il Formula 2-də başqa yarışların keçirilməyəcəyi ehtimalı ilə bağlı suallar doğurmuşdu. Amerikalı pilot Bakıda Motorsport.com-a danışarkən belə demişdi: “Bunun mövsümün son yarışı olub-olmadığına əmin deyiləm. Başqa yarışlarımız olacaqmı, bilmirəm. Amma qarşıda daha iki yarış varmış kimi işləməyə davam edəcəyik”.

Mişeldən bu açıqlama barədə soruşularkən Qətər və Əbu Dabi mərhələləri ləğv olunarsa, onların əvəzinə başqa yarışların əlavə edilib-edilməyəcəyi də gündəmə gəlib. Fransalı rəhbər isə mövcud planın dəyişməyəcəyini bir daha vurğulayıb: “Qətər və Əbu Dabi yarışları ləğv edilməyəcək.

Pilotların bir çox məsələdə öz fikirləri olur. Lakin bunu deyə bilərəm: mövsümü mütləq orada başa vurmaq istəyirik. Formula 1 də eyni mövqedədir, biz də belə düşünürük”.

Mişeldən çempionun əslində Bakıda, özü də fərqində olmadan müəyyənləşmiş ola biləcəyi ehtimalı barədə də soruşulub. Belə bir vəziyyətdə titul hazırda xal cədvəlinə başçılıq edən Rafael Kamaraya qismət olacaqdı.

Mişel bu ehtimala belə münasibət bildirib: “Belə bir vəziyyət çox üzücü olardı.

Açığı, bunun baş verəcəyini düşünmürəm. Çünki bir ay sonra çıxıb ‘Yeri gəlmişkən, çempion bir ay əvvəl müəyyənləşmişdi, amma kuboku sənə verə bilmədik’ demək yaxşı olmazdı. Buna görə də çempionatı mövcud plana uyğun şəkildə başa vurmaq istəyirik”.

Rauf Hacıyev

Şərh əlavə et