Formula 1 Las Veqasdan bir-birinə zidd müzakirələrlə ayrılıb.
FIA 2030-cu ildə daha sadə, 2,1 litrlik turbo V8 mühərriklərinə keçid üçün çərçivə planı üzərində yekdil razılıq əldə olunduğunu təsdiqləyib. Bundan cəmi 24 saat sonra, şənbə gecəsi keçirilən 50 dövrəlik yarış mövsümün ən gərgin mübarizələrindən birinə çevrilib.
Ötmələrin sayı 2023-cü ildə Zandvort Qran Prisində qeydə alınmış 186 ötməlik əvvəlki rekordun, demək olar, ikiqatına çatıb. Yarış ərzində lider də 35 dəfə dəyişib.
Mercedes-in yarışın son hissəsində üzləşdiyi problemlərdən yararlanan McLaren Las Veqasda mühüm xallar qazanıb. Lando Norris qalib Max Verstappendən 0,639 saniyə geri qalaraq ikinci yeri tutub. Oscar Piastri isə 17-ci yerdən başladığı yarışı üçüncü pillədə başa vurub.
Andrea Stella: “Bu yarış barədə sadə bir fikir söyləmək, yaxud ‘Görmək istədiyimiz yarış budur’ demək çox çətindir. Çünki bunu deyən kimi nəzərə alınmalı başqa mühüm baxışlar da ortaya çıxır.
Lando və Oskarla hələ danışıb yarışı bəyənib-bəyənmədiklərini öyrənməliyəm. Yoxsa baş verənlər bir qədər həddindən artıq olub? Bəzi anlarda təhlükəsizlik baxımından vəziyyətin çox pis nəticələnə biləcəyini düşünüblər?
Qəti fikir bildirmək istəmirəm, çünki hələ belə bir fikrim yoxdur. Bu yarış bizə gözardı edə bilməyəcəyimiz çoxlu məlumat verib”.
Yarışın qalibi Maks Ferstappen bolidlərin daim yer dəyişməsini geridə qalan sürücülərin hava axınından yararlanaraq yenidən önə keçməyə çalışdığı Mario Kart oyununa bənzədib. Cadillac sürücüsü Serxio Peres isə yarışı “çox süni” adlandıraraq tənqid edib.
Lando Norris trassdakı bəzi manevrlərin ötmə sayılmamalı olduğunu bildirib. Williams sürücüsü Karlos Sayns isə mübarizədən zövq aldığını deyib.
Stellanın fikrincə, paddokdakı fikir ayrılığına baxmayaraq, Formula 1 2030-cu il qaydaları ilə bağlı tələsik qərarlardan çəkinməlidir.
Andrea Stella: “Ən mühüm tövsiyəm analitik yanaşmamızı qorumaq və idmanın maraqlarını nəzərə almağa davam etməkdir.
Elə bir dünyada yaşayırıq ki, bir saniyə ərzində fikir bildirməlisən, yoxsa heç kim sayılırsan. Üstəlik, qütbləşdirici mövqe ortaya qoymağın gözlənilir.
Bu məsələni ani qiymətləndirmə ilə həll edib ‘Yeni qaydalardan imtina edək’ demək, həqiqətən, təəssüf doğurar”.







Şərh əlavə et