Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen Şumaxeri geridə qoyub

Maks Ferstappen Red Bull ilə qazandığı 73-cü qələbədən sonra Formula 1 tarixində eyni komandanın heyətində ən çox yarış qazanan pilotlar siyahısında ikinci yerə yüksəlib. Siyahıya Lyuis Həmilton başçılıq edir.

Mövsümün ilk qələbəsini Malayziyada qazanan Maks Ferstappen Marina Bay trasında sprint sıralanma turundan əsas yarışadək üstün performans nümayiş etdirərək Sinqapurda karyerasının ilk qələbəsini əldə edib.

Lakin Ferstappenin Sinqapurdakı uğuru bununla məhdudlaşmayıb. Niderlandlı pilot 2016-cı ildən bəri Red Bull ilə qazandığı 73-cü qələbə sayəsində Formula 1 tarixində eyni komanda ilə ən çox yarış qazanan pilotlar arasında ikinci pilləyə yüksəlib.

Niderlandlı sürücü Malayziyada Mixael Şumaxerin Ferrari ilə qazandığı 72 qələbəlik göstəricisini təkrarlamışdı.

İndi onun növbəti hədəfi Lyuis Həmiltonun rekordunu qırmaqdır. Həmilton 2013–2024-cü illərdə Mercedes adından çıxış edərkən ümumilikdə 84 qələbə qazanıb. Dördqat Dünya Çempionu Ferstappenin bu göstəricini geridə qoyması üçün daha 12 qələbəyə ehtiyacı var.

Siyahının ilk beşliyində öz komandaları ilə ən azı 30 qələbə qazanan daha üç dünya çempionu yer alır.

Dördüncü pillədə qərarlaşan Sebastyan Fettel 2009–2014-cü illərdə Red Bull ilə 38 yarışda qalib gəlib. Alman pilot dünya çempionu olduğu dörd mövsümün hamısında bu komandanın heyətində çıxış edib.

İlk beşliyi tamamlayan Ayrton Senna isə 1988–1993-cü illərdə McLaren ilə 35 qələbə qazanıb. Braziliyalı əfsanə üç dünya çempionluğunu da həmin dövrdə əldə edib.

Sıra Pilot Komanda Qələbə sayı
1 L. Həmilton Mercedes 84
2 M. Ferstappen Red Bull 73
3 M. Şumaxer Ferrari 72
4 S. Fettel Red Bull 38
5 A. Senna McLaren 35

Rauf Hacıyev

Şərh əlavə et