Ferstappen üçün həm sevincli, həm də emosional həftəsonu

Marina Bayda Ferstappen gözlənildiyi kimi, rəqiblərinə çox da şans vermədən qalib gəldi. Startda müəyyən təhlükə ilə üzləşsə də, mövqeyini qorumağı bacardı. Beləliklə, ardıcıl üçüncü yarış həftəsonunda qələbə qazandı və hesabındakı xalları 221-ə çatdırdı. Ən əsası isə çempionluq mübarizəsinə yenidən ciddi şəkildə qoşuldu. Bununla yanaşı, mövsümü ikinci yerdə başa vurmaq baxımından da vacib addım atdı.
Lakin dördqat Dünya Çempionu üçün həftəsonunun xüsusiliyi bununla bitmirdi. Belə ki, Maks Sinqapurda eyni həftəsonunda həm yağışlı sprintdə qalib gəldi, həm də quru əsas yarışda. Yəni bir həftəsonunda iki fərqli hava şəraitində qalib gələn pilot kimi taricə düşdü.
Amma niderlandlı sürücü üçün həftəsonunun emosional tərəfləri də var idi. Belə ki, Ferstappen bəlkə də sonuncu dəfə yarış mühəndisi Canpyer Lambiase ilə eyni podiumu bölüşürdü. Çünki britaniyalı mühəndis ilin sonunda Red Bull-dan ayrılaraq, McLaren-in yolunu tutacaq…
Məncə, Sinqapurda Ferstappenin qələbəsindən daha maraqlı məqam Red Bull-un hazırkı vəziyyətidir. Bir müddət əvvəl komandanın əsas üstünlüyü uzun düzlüklərdə özünü göstərirdi. İndi isə Red Bull yavaş döngələrin çox olduğu traslarda da rəqabətədavamlıdır. Maşın yüngülləşdikcə komanda sanki özünə qayıdıb.
Buradan çıxan nəticə aydındır: yaxşı qurulmuş sistem yalnız bir nəfərdən asılı olmur. Adrian Nyuis kimi dahi mühəndisin komandadan ayrılması Red Bull-un birdən-birə gücsüzləşəcəyi anlamına gəlmirdi. Əgər təməl möhkəmdirsə, düzgün işləyən mexanizm öz nəticəsini verməyə davam edir. Red Bull hazırda bunu sübut edir.
Lekler üçün nəhayət, qüsursuz yarış

Şarl Lekler isə Sinqapurda gözlədiyimdən daha yaxşı təəssürat yaratdı. Hətta demək olar ki, bu mövsüm onun ən yaxşı yarışlarından birini izlədik. Uzun müddətdən sonra sanki hər şey onun üçün qaydasında idi. Sürüşü, tempi və yarışa nəzarəti ilə monakolu pilot potensialını bir daha göstərdi.
Ferrari üçün belə yarışlar xüsusilə vacibdir. Çünki məsələ yalnız sürətli maşına sahib olmaqda deyil, pilotun əlindəki imkanlardan maksimum yararlanmasındadır. Lekler bu dəfə bunu bacardı. Bəzən pilotun özündən asılı olmayan amillər bütün həftəsonunu korlayır. Bu dəfə isə uzun müddətdən sonra hər şey onun xeyrinə işləyirdi.
Antonelli lotereya oynasa, cekpotu udar!

Kimi Antonelli haqqında isə nə deyim? Bu pilot gedib lotereya oynasa, yəqin ki, cekpotu udar. Mən bu qədər bəxti gətirən pilot çox görməmişəm. Üçüncü yerdə gedirsən, Virtual Təhlükəsizlik Maşını (VSC) çıxır və birdən yarışın qalibinə çevrilirsən. Beşinci yerdə olursan, hadisələr elə cərəyan edir ki, özünü podiumda tapırsan.
Əlbəttə, Antonellinin uğurlarını yalnız bəxtlə izah etmək düzgün olmazdı. Çünki bəxt də hazır olanın üzünə gülür. Pilot düzgün mövqedə olmalı, fürsəti dəyərləndirməli və təzyiq altında səhv etməməlidir. Antonelli bunları bacarır. Amma etiraf edək ki, bəzi yarışlarda hadisələr onun üçün elə ideal şəkildə inkişaf edir ki, adama lotereya söhbətini xatırladır.
Həmilton podiumu komanda körpüsündə itirdi

Lyuis Həmilton isə Sinqapurda podiuma layiq idi. Lakin Ferrari-nin komanda körpüsünün çağırışına məhəl qoymaması onu bu imkandan məhrum etdi. Virtual Təhlükəsizlik Maşını rejimi zamanı pitə çağırışın rədd edilməsi, məncə, yarışın ən mübahisəli məqamlarından biri idi.
Həmin anda iki Ferrari pilotunun pitə daxil olması və komandanın ikiqat podium qazanması mümkün görünürdü. Əlbəttə, belə qərarların riskləri var və yarışın gedişatını əvvəlcədən dəqiq hesablamaq olmur. Ancaq fürsət var idisə, ondan istifadə etməmək ciddi suallar doğurur.
Ferrari üçün ikiqat podium sanki əlçatmaz nemətə çevrilib. Nə vaxt bu fürsət yaranır, nəsə baş verir və komanda ya da pilotlar onu əldən verir. Bu dəfə də təəssüf ki, oxşar mənzərənin şahidi olduq. Həmiltonun podium şansı öz qərarı ilə əldən çıxdı.
Rassell çempion olmaq istəyirsə…

Corc Rassellə gəlincə, onun bu yarlşdakı çıxışı məndə ciddi suallar yaratdı. Britaniyalı pilotun sürüşü həddindən artıq passiv təsir bağışladı. Çempionluq uğrunda mübarizə aparmaq istəyən pilotdan daha cəsarətli, daha iddialı yanaşma gözləyirsən.
Əlbəttə, hər yarışda risk etmək və hər döngədə hücuma keçmək mümkün deyil. Bəzən xalları qorumaq da vacibdir. Ancaq çempionluq yalnız sabitliklə qazanılmır. Həlledici anlarda təşəbbüsü ələ almaq, fürsət yarananda hücum etmək və rəqiblərə təzyiq göstərmək lazımdır.
Rassellin qarşısında hələ imkanlar var. Amma çempion olmaq istəyirsə, belə yarışlarda daha çox şey göstərməlidir. Çünki Formula 1-də sürətli olmaq kifayət etmir — bəzən çempionla sadəcə yaxşı pilot arasındakı fərqi məhz cəsarətli qərarlar müəyyənləşdirir.
Sinqapur yarışı Ferstappenin geri dönüşünün təsadüf olmadığını bir daha göstərdi. Red Bull yenidən güclüdür, Ferrari isə hələ də öz imkanlarını tam reallaşdırmaqda çətinlik çəkir. Mövsümün sonuna yaxınlaşdıqca bir sual daha da aktuallaşır: Ferstappen bu tempini qoruyaraq çempionluq mübarizəsinə daxil ola biləcəkmi?




Şərh əlavə et