Formula 1 istehsalçıları 2028-ci il mövsümünün ortasından etibarən mövcud güc qurğuları üzərində təkmilləşdirmə işləri apara bilməyəcəklər.
FIA-nın təkoturacaqlı avtomobillər üzrə direktoru Nikolas Tombazis Motorsport.com-a verdiyi eksklüziv müsahibədə qərarın təfərrüatlarını açıqlayıb.
Motorsport.com-un Las-Veqas Qran Prisi həftəsonunda ilk dəfə xəbər verdiyi bu qayda dəyişikliyi istehsalçıların eyni vaxtda iki fərqli mühərrik layihəsi üzərində işləmək məcburiyyətində qalmasının və bəzilərinin bu prosesdə haqsız üstünlük əldə etməsinin qarşısını almağı hədəfləyir. Eyni səbəblərdən yeni V8 mühərrikləri üzərində işlərə də müəyyən tarixədək ciddi məhdudiyyətlər qoyulub.
Qərara əsasən, mövcud hibrid V6 güc qurğularının təkmilləşdirilməsi 2028-ci il mövsümünün 13-cü yarışından etibarən dayandırılacaq. Həmin tarixdən sonra yalnız etibarlılığı artırmağa yönəlmiş yeniləmələrə icazə veriləcək. Performansı yüksəltmək məqsədilə dəyişikliklər etmək isə qadağan olunacaq.
Bununla yanaşı, 2030-cu ildə istifadəyə verilməsi planlaşdırılan 2,1 litrlik turbomühərrikli V8-lərin hazırlanmasına da mərhələli məhdudiyyətlər tətbiq ediləcək. Belə ki, Formula 1 istehsalçıları 2027-ci il oktyabrın 1-dək tək silindr üzərində stend sınaqları apara bilməyəcəklər. Tam güc qurğusunun, yəni V8 mühərrikinin bütövlükdə stend sınaqları isə 2028-ci il iyulun 1-dək qadağan ediləcək.
Bu məhdudiyyətlər yeni istehsalçılara şamil olunmur. Buna görə də General Motors Cadillac üçün güc qurğusunun simulyasiya işlərinə daha erkən başlaya biləcək.
2028-ci il iyulun 1-i mövsümün təxminən 13-cü yarışına və mövcud güc qurğularının təkmilləşdirilməsinin dayandırılacağı dövrə təsadüf edir. FIA bununla istehsalçıların eyni vaxtda iki ayrı mühərrik layihəsi üzərində işləməsinin, nəticədə xərclərin artmasının və nəzarətsiz inkişaf yarışının başlamasının qarşısını almaq istəyir.
FIA-nın digər prioriteti isə Honda kimi istehsalçıların mövcud güc qurğusu qaydaları çərçivəsində geridə qalması halında, təkmilləşdirmə işləri dayandırıldıqdan sonra fərqi aradan qaldırmaq imkanından məhrum olmamasıdır. Bu məsələ paddokda yenidən nəzərdən keçirilməli olduğu düşünülən ADUO sistemi ilə də sıx bağlıdır. Lakin Tombazis bu istiqamətdə hələ yekun qərarın verilmədiyini bildirib.
Nikola Tombazis Motorsport.com-a açıqlamasında deyib: “Biz güc qurğuları ilə bağlı ümumi çərçivəyə diqqət yetirmişik. Açığı, ADUO məsələsində bir qədər gecikmişik.
Bu məsələnin bütün tərəflərini, niyyətimizi və güc qurğusu istehsalçıları ilə apardığımız müzakirələri nəzərə alaraq qiymətləndirməliyik. Mövcud mühərrik nəslinin müəyyən mərhələdən etibarən inkişafını dayandırmaq istəyirik. Bu, 2028-ci ilin ortası olacaq. Xərcləri nəzarətdə saxlamaq üçün istehsalçıların paralel şəkildə iki proqram həyata keçirməsinin qarşısını almaq istəyirik”.
Mühərriklərin təkmilləşdirilməsinin dayandırılmasının başqa bir səbəbi də var. Bu məhdudiyyətlər olmasaydı, mövcud qaydalar çərçivəsində kifayət qədər rəqabətədavamlı güc qurğusuna sahib olan istehsalçı 2030-cu il layihəsinə daha erkən diqqət ayıra bilərdi. Bunun əksinə, geridə qalan və hazırkı mühərrikini daha rəqabətədavamlı etmək üçün ciddi səy göstərməli olan istehsalçılar əlverişsiz vəziyyətə düşərdilər.
Tombazis bu riskə də diqqət çəkib: “Hazırda mövcud güc qurğusu istehsalçılarından bəzilərinin çox rəqabətədavamlı olması səbəbindən böyük üstünlük əldə etmələrinin də qarşısını almaq istəyirik. Onlar daha tez dayanıb yeni layihəyə keçə bilərlər. Bu zaman hələ də fərqi aradan qaldırmağa çalışan digər istehsalçılar əlverişsiz vəziyyətə düşəcəklər.
Deməli, həll etməli olduğumuz məsələ var və bunların hamısı ADUO müzakirələri ilə əlaqəlidir. Buna görə də dayanıb nə edəcəyimizi diqqətlə düşünməliyik”.
Mühərriklərin təkmilləşdirilməsinin dayandırılması ilə bağlı qərar prosesdə iştirak edən bütün tərəflərlə müzakirə edilərək təsdiqlənib. İndi növbə ADUO sistemində ediləcək dəyişiklikləri müəyyənləşdirməyə və 2028-ci ilin ortasında təkmilləşdirmə işləri dayandırılarkən heç bir istehsalçının artıq aradan qaldıra bilməyəcəyi qədər böyük performans fərqi ilə üzləşməməsini təmin etməyə çatıb.
Tombazis sözlərini belə davam etdirib: “Həmin tarixədək istehsalçıların bir-birinə mümkün qədər yaxınlaşmasına şərait yaratmalıyıq. İnkişafın dayandırılması başlayanda hər hansı istehsalçının rəqiblərindən çox geridə qalmasını istəmirik.
Buna görə də ADUO ilə əlaqəli məsələləri nəzərdən keçirməliyik. İrəliləmədən əvvəl qiymətləndirməli olduğumuz bəzi həssas məqamlar var”.







Şərh əlavə et