Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Rassell Sinqapurda cəza alacaq

Mercedes Corc Rassellin bu həftəsonu keçiriləcək Sinqapur Qran Prisində start cəzası alacağını rəsmən təsdiqləyib.

Ötən həftəsonu Malayziyada təhlükəsizlik avtomobilinin arxasında üçüncü pillədə gedərkən finişə beş dövrə qalmış güc qurğusu problemi səbəbindən mübarizəni dayandıran Rassell mühərrik limitini aşdığı üçün bazar günü keçiriləcək yarışa start cərgəsinin ən arxasından başlayacaq.

Ötən il Sinqapurda qələbə qazanan britaniyalı pilot üçün bu cəza mövsümün sonrakı hissəsində komandanın istifadəyə verməyi planlaşdırdığı yenilənmiş mühərrikdən yararlanmaq imkanını da itirməsi ilə nəticələnə bilər. Sky-ın məlumatına görə, Mercedes bunun qarşısını almaq üçün yeni mühərriki Sinqapura çatdırmağa çalışır.

Mercedes komandasının rəhbəri Toto Volff məsələ ilə bağlı deyib: “Corc Malayziyadakı mühərrik problemindən sonra bazar günü keçiriləcək yarışa start cərgəsinin ən arxasından başlamaq cəzası alacaq.

Ötən həftəsonu göstərdiyi sürüşü və layiq olduğu nəticəni nəzərə alsaq, bu vəziyyət xüsusilə məyusedicidir. Təəssüf ki, belə hallar Formula 1-in bir hissəsidir. Hazırda əsas diqqətimiz ona ən yaxşı bolidi və ön sıralara yüksəlməsi üçün ən yaxşı imkanları verməkdir.

Mövsümün son sprint həftəsonundan maksimum yararlanmalı, öyrənməyə davam etməli və hər iki bolidlə əldə edə biləcəyimiz ən güclü nəticəni qazanmalıyıq”.

Performansdakı geriləmə və yenilənmə paketləri barədə danışan Volff sözlərinə belə davam edib: “Malayziya bizim üçün çox çətin həftəsonu oldu. Həmin gündən etibarən performansımızın niyə lazımi səviyyədə olmadığını anlamaq üçün çox çalışırıq.

Araşdırmalı olduğumuz bir neçə sahə müəyyən etmişik. Lakin Formula 1 sadə cavabları olan idman növü deyil. Qəti nəticələrə gəlməzdən əvvəl daha çox məlumata ehtiyacımız var.

Sinqapur bu işi davam etdirmək üçün bizə unikal imkan yaradır. Trekin xüsusiyyətləri tamamilə fərqlidir və əldə edəcəyimiz məlumatlar mövcud vəziyyətimizi daha aydın başa düşməyimizə çox kömək edəcək.

Buna görə də həftəsonu ərzində həm son yenilənmə paketimizi, həm də əvvəlki versiyanı qiymətləndirəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et