Start siqnalının verilməsi ilə pilotlar pit yolundan trasa çıxıblar və sıralanma turunun ilk mərhələsi başlayıb.
Q1: Piastri zirvədə, Elbon son anda mübarizəni davam etdirib
Sessiyanın ilk dövrələrində orta və arxa qrupda yer alan komandaların pilotları trasa çıxıblar. Tsunoda 1:14.287-lik nəticə ilə liderliyə yüksəlib. Onun komanda yoldaşı Lindblad isə cüzi fərqlə ikinci yerdə qərarlaşıb.
Ön qrupdakı komandaların trasa çıxmasından sonra Həmilton 1:13.406-lıq dövrə vuraraq zirvəyə yüksəlib. Louson cüzi fərqlə ikinci, Ferstappen isə üçüncü yerdə qərarlaşıb. Lekler komanda yoldaşından təxminən 0,25 saniyə geri qalaraq dördüncü olub.
Sürətli dövrəsini tamamlayan Lando Norris 1:13.060-lıq nəticə göstərərək Həmiltonı geridə qoyub və liderliyə yüksəlib. Lakin Piastri 1:12.848-lik dövrə ilə komanda yoldaşına cavab verib və zirvəni ələ keçirib.
Sonrakı dövrələrdə Rassell cüzi fərqlə ikinci yerə yüksəlib, Antonelli isə dördüncü olub. Lekler 1:13.064-lük nəticə göstərərək Antonellini geridə qoyub və dördüncü pilləyə yüksəlib.
Q1-in son 5 dəqiqəsinə daxil olarkən bütün pilotlar sazlamaları optimallaşdırmaq və məlumatları təhlil etmək üçün boksa qayıdıblar.
Təxminən 3 dəqiqə qalmış pilotlar yenidən trasa çıxıblar. Piastri 1:12.610-luq nəticə göstərərək liderliyini daha da möhkəmləndirib.
Mübarizədən kənarda qalmaq təhlükəsi ilə üzləşən Berman son cəhdində dövrə vaxtını yaxşılaşdırsa da, Q2-yə yüksələ bilməyib. Aleks Elbon isə son anda nəticəsini yaxşılaşdıraraq Strollu geridə qoyub və Q2-yə vəsiqə qazanıb.
Sayns da son dövrəsində nəticəsini yaxşılaşdırıb, lakin Q1 baryerini keçməyi bacarmayıb.
Damalı bayrağın göstərilməsi ilə Sayns, Alonso, Stroll, Berman, Bottas və Peres Q1-də mübarizəni dayandıran pilotlar olublar.
Q2: Norris zirvəyə yüksəlib, Alpine-nin son cəhdi nəticə verməyib
Qısa fasilədən sonra 15 dəqiqəlik Q2 sessiyasına start verilib və pilotlar yenidən trasa çıxıblar.
İlk dövrələrdə Mercedes pilotları arasında maraqlı mübarizə yaşanıb. Antonelli ikinci sektorda daha sürətli olub, Rassell isə orta sektorda üstünlük göstərib. Son sektorda daha yaxşı temp nümayiş etdirən Rassell 1:11.959-luq nəticə ilə zirvəyə yüksəlib. Antonelli isə təxminən yarım saniyə geri qalaraq ikinci olub.
Lekler son sektorda əla nəticə göstərərək, 1:11.910-luq dövrə ilə liderliyə yüksəlib. Lakin Norris 1:11.860-lıq nəticə ilə cavab verərək monakolu pilotu geridə qoyub.
Norrisə cavab isə komanda yoldaşı Piastridən gəlib. Piastri 1:11.834-lük nəticə göstərərək yenidən birinci pilləyə yüksəlib. Norris cəmi 0,026 saniyə fərqlə ikinci yerə geriləyib.
Sessiyanın son 7 dəqiqəsinə yaxınlaşarkən pilotlar boksa qayıdıblar.
Qısa müddət sonra pilotlar yenidən trasa çıxaraq Q2-nin son dövrələrini vurublar. 9-cu yerdə olan Maks Ferstappen 1:11.874-lük nəticə ilə üçüncü pilləyə yüksəlib. Louson da tempini artıraraq 10-cu yerdən 8-ci yerə qalxıb.
Lando Norris isə 1:11.628-lik dövrə ilə Piastrini geridə qoyaraq yenidən zirvəyə yüksəlib.
Son saniyələrdə Alpine pilotları dövrə vaxtlarını yaxşılaşdırmaq üçün bütün imkanlarını səfərbər etsə də, hər iki pilot Q2-də mübarizəni dayandırıb.
Damalı bayrağın dalğalanması ilə Qasli, Tsunoda, Hülkenberq, Kolapinto, Okon və Elbon Q2-də mübarizədən kənarda qalıb.
Q3: Norris rekord nəticə ilə poul qazanıb, Mercedes 2-3-cü yerləri tutub
Qısa müddət sonra Niderland Qran Prisinin poul sahibini müəyyənləşdirəcək Q3 sessiyasına start verilib. Pilotlar sonuncu dəfə trasa çıxıblar. Sessiyanın son 5 dəqiqəsində yağış yağacağı gözlənilib.
Q3-də sürətli dövrəsinə ilk başlayan pilot Lando Norris olub. Norris 1:11.344-lük nəticə göstərərək ilkin tempi müəyyənləşdirib.
Antonelli 1:11.675-lik nəticə ilə üçüncü, Rassell isə 1:11.495-lik dövrə ilə ikinci yerə yüksəlib.
Lekler 1:11.667-lik nəticə göstərərək dördüncü olub. Həmilton isə lazımi tempi tapa bilməyərək səkkizinci yerdə qalıb.
İlk cəhdlərdən sonra bütün pilotlar boksa qayıdaraq son mübarizəyə hazırlaşıblar. Pilotlar Soft təkərlərlə trasa çıxdığı anda yağış da başlayıb.
Son beş dəqiqədə Antonelli qısa müddətə liderliyə yüksəlib. Lakin Norris 1:11.163-lük möhtəşəm nəticə göstərərək yenidən zirvəni ələ keçirib. Rassell də komanda yoldaşını geridə qoyaraq ikinci pilləyə yüksəlib.
Son dövrələrdə altıncı yerdə olan Lekler 1:11.558-lik nəticə ilə beşinci yerə qalxıb. 9-cu yerdə olan Həmilton isə 1:11.494-lük dövrə ilə komanda yoldaşını geridə qoyaraq beşinci pillənin sahibi olub.
Damalı bayrağın dalğalanması ilə Lando Norris 1:11.163-lük nəticə ilə Niderland Qran-Prisinin poul mövqeyini qazanıb.




Şərh əlavə et