Zandfortda üçüncü pillədən start alan Lekler son dövrələrdə qarşısındakı Lando Norrisi geridə qoyaraq yarışı ikinci yerdə tamamlayıb.
Sprintdən sonra danışan Lekler fərqli təkər strategiyasına üstünlük verdiklərini və Soft təkərlərdən istifadə etməyin riskli olduğunu, lakin sonda düzgün qərar verdiklərini bildirib: “Bir şeyi fərqli edən yeganə pilot sizsinizsə, etdiyiniz seçim ya tamamilə doğrudur, ya da tamamilə yanlışdır. Amma düşünürəm ki, düzgün seçim etdik. Bu da ilk məşq sessiyasında işimizi yaxşı gördüyümüz anlamına gəlir”.
Şarl Lekler yarışın son hissəsində yumşaq təkərlərlə mübarizə aparan Norrisi əsas düzlükdə necə geridə qoyduğunu da izah edib: “Landoun əsas düzlükdə çox enerji istifadə edə bilməyəcəyini anlamışdım. Buna görə də bundan maksimum yararlanmalı olduğumu bilirdim. Buna baxmayaraq, əyləc nöqtəsinə demək olar ki, eyni anda çatdıq və bu, işə yaradı.
Yarışın sonunda Soft təkərlərlə bir mövqe qazanacağımı gözləmirdim. Əgər haradasa mövqe qazanacağımı düşünürdümsə, bunun yarışın əvvəlində baş verəcəyini düşünürdüm. Lakin yaxşı start ala bilmədim”.




Şərh əlavə et