Yarışa üçüncü yerdən başlayan italyan sürücü ilk dövrə başa çatmamış komanda yoldaşı Corc Rasselli geridə qoyaraq ikinci pilləyə yüksəlib.
Lakin yarış davam etdikcə və hər təkər dəyişməsindən sonra italiyalı pilot bolidin idarəolunması ilə bağlı problemlər yaşamağa başlayıb.
Kimi Antonelli: “Doğrudan da qəribə idi. Çünki Medium təkərlərlə özümü əla hiss edirdim. İlk Hard təkər dəstində də performansım pis deyildi. Lakin ikinci Hard təkər dəstinə keçəndə bolid tamamilə qəribə davranmağa başladı”.
Mercedesin baş tras mühəndisi Endryu Şovlin isə problemin səbəbini hələ müəyyənləşdirə bilmədiklərini deyib: “Taxdığımız hər yeni təkər dəsti əvvəlkindən daha çox arxa tərəfdə sürüşməyə səbəb oldu. Bunun səbəbini anlamağa çalışırıq. Bolidin sazlanmasında və ya aerodinamik balansında bunu izah edə biləcək heç bir dəyişiklik etməmişdik.
Qarşıdakı İtaliya Qran Prisindən əvvəl bu cür problemləri həll etmək olduqca vacibdir. Buna görə də məlumatları çox detallı şəkildə araşdırırıq. Rəqiblərimizlə aramızdakı performans fərqi getdikcə azalır. Böyük yenilənmə paketimizi gözləyirik və həmin paket gələnə qədər hər yarış bizim üçün çətin keçəcək”.
Yarışın son bölümündə ilişmə çatışmazlığı səbəbindən bolidə olan inamını itirdiyini bildirən Antonelli, Lyuis Həmilton və Şarl Leklerə qarşı ikinci pilləni qorumaqda çətinlik çəkib.
Fərqli pit-stop strategiyasından istifadə edən komanda yoldaşı Corc Rasselin ona yol verməsi isə Antonellinin yarışı ikinci pillədə başa vurmasına və çempionatdakı xal fərqini artırmasına imkan yaradıb.
Komanda yoldaşına təşəkkür edən Antonelli belə deyib: “Corc vəziyyəti mənim üçün çox asanlaşdırdı, ona minnətdaram. Bununla belə, günün sonunda əldə edə biləcəyimiz ən yaxşı nəticə ikinci yer idi. Çünki xüsusilə yarışın ikinci yarısında McLarenlərin tempi əlçatmaz səviyyədə idi”.
Mercedes qarşıdakı İtaliya Qran Prisində Antonellinin bolidindəki problemin səbəbini aradan qaldırmağa çalışacaq.
Bundan əlavə, mövsümün ilk yarısında yaşanan etibarlılıq problemlərinə görə Antonellinin Monzada mühərrik dəyişəcəyi və bunun nəticəsində start mövqeyi cəzası alacağı da artıq dəqiqləşib.




Şərh əlavə et