Xəbəri Kokpitdə Oxuyun!

F.Vassyör: Pit stoplara görə podiumu itirdik

Ferrari komandasının rəhbəri Frederik Vassyör Niderland Qran Prisində dördüncü və beşinci yerləri tutan komandasının performansını dəyərləndirib.

Yarış tempinin Mercedes-lə müqayisədə güclü olduğunu deyən fransız rəhbər podiumun əldən çıxmasını əsasən əməliyyat səhvləri və strategiyanın idarə olunması ilə əlaqələndirib.

Frederik Vassyör:  “Tempimiz yaxşı idi, hətta Mercedes-lə müqayisədə kifayət qədər güclü idik. Əsas problem ikinci startda mövqelərimizi itirməyimiz və Piastrinin arxasında ilişib qalmağımız oldu.

Orada çox vaxt itirdik. Daha sonra Rasselli pit-stop hesabına geridə qoymaq üçün fürsət yarandı, ancaq yaşanan qarışıqlıq səbəbindən bundan istifadə edə bilmədik.

Bu, tamamilə bizim səhvimizdir, mənim səhvimdir. Leklerin pitə çağırıldığı vaxt da ünsiyyətlə bağlı anlaşılmazlıq yaşandı. Ümumilikdə yarış tempimiz yaxşı idi, lakin yarışı idarə etmə tərzimiz və pit stopların zamanlaması bizə podiuma başa gəldi”.

Vassyör sıralanma turundakı performansın isə əsasən təkərlərin düzgün hazırlanmaması ilə bağlı olduğunu bildirib: “Sıralanma turindakı performansımız tamamilə təkərlərin hazırlığı ilə bağlı idi. Bu həftəsonu hazırlıq dövrəsi ilə sürətli dövrə arasında çox həssas balans var idi. Bunun hər kəs üçün keçərli olduğunu gördük. Lyuisdə də eyni vəziyyət yaşandı: cümə günü sürətli dövrə zamanı yavaşlamalı olduğu üçün altıncı oldu, şənbə günü isə yaxşı dövrə vuraraq Şarlın önünə keçdi”.

Ferrari rəhbəri növbəti yarışın keçiriləcəyi Monzada komandaya yeniliklər gətirəcəklərini də təsdiqləyib: “Növbəti dayanacağımız evimiz Monzadır. İtaliyaya mütləq yeniliklər gətirəcəyik. Lakin Zandfortda bir daha gördük ki, əsas problemimiz bolidin potensialı və ya sürəti deyil, həftəsonunu qüsursuz idarə edə bilməməyimizdir.

Monzaya qədər diqqətimizi tamamilə bu detallara yönəltməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et