Komandanın izahına görə, əsas məqsəd lider bolidə ötmə imkanından istifadə etmək üçün “prioritet” vermək olub. Məhz bu yanaşma Zandfortda Corc Rassellə mövqeyini Kimi Antonelliyə qaytarmaq göstərişinin verilməsində əsas rol oynayıb.
Esteban Okonun Haas bolidi trasda qaldığı üçün Virtual Təhlükəsizlik Avtomobili rejimi tətbiq olunarkən Mercedes ikinci yerdə olan Antonellini pitə çağırıb. Nəticədə Rassell ikinci yerə yüksəlib, italyan sürücü isə daha təzə təkərlərlə onun arxasında qərarlaşıb.
Yarış yenidən başladıqdan qısa müddət sonra Rassellə mövqeyini Antonelliyə verməsi tapşırılıb. Məqsəd italiyalı pilotun ikinci yeri geri qaytarması və lider Lando Norrisə çataraq qələbə uğrunda mübarizə aparması olub.
Rassell üçün vəziyyəti çətinləşdirən məqam isə Antonelliyə yol verdiyi halda çempionluq mübarizəsində altı xal itkisi ilə üzləşməsi idi. Buna baxmayaraq, britaniyalı komanda yoldaşını qabağa buraxıb.
Daha sonra Rassell Ferrari pilotları ilə üçüncü yer uğrunda gərgin mübarizəyə girib və podiumdakı mövqeyini qorumağı bacarıb. Yarışın sonlarında başlayan daha bir Virtual Təhlükəsizlik Avtomobili rejimi də ona kömək edib.
Lakin Rassell buna baxmayaraq Antonellidən 59 xal geridə qalıb. Beləliklə, Sprint yarışındakı qələbəsi ilə qazandığı üç xal faktiki olaraq silinib və britaniyalının italiyalı pilotdan fərqi həftəsonuna başladığı vəziyyətdə qalıb.
Komanda əmrinə münasibət bildirən Mercedes-in komanda rəhbərinin müavini Bredli Lord yarışdan əvvəl keçirilən toplantıda belə bir qərarın mümkünlüyünün açıq şəkildə müzakirə edildiyini və əsas prioritetin həmin gün ikinci yerdə olan Antonelliyə qələbə üçün ən yaxşı şansı vermək olduğunu bildirib.
Bredli Lord: “Rassell bunu narazılıqla qarşılamadı. Yarışın əvvəlində çıxan qırmızı bayraq və dəyişdirilmiş yarış vaxtına görə tam müzakirəni yarışdan dərhal sonra deyil, bazar ertəsi keçirdik. Corc göstərişi ilk aldığında təbii olaraq sual verdi, amma ümumi mənzərəni başa düşdü.
Kimi Virtual Təhlükəsizlik Avtomobili zamanı pitə girmək fürsəti əldə etmişdi. Corc də eyni pit stopu etsəydi, Ferrari-lərdən birinin arxasına düşəcək və podiumdakı mövqeyini itirəcəkdi.
Bazar günü səhər keçirilən strategiya toplantısında da sürücülərimizin bir-biri ilə mübarizə apararaq vaxt itirməsi üçün pelotonun həddindən artıq sıx olduğunu açıq şəkildə bildirmişdik. Qərarın əsası da bu müzakirə oldu.
Vəziyyət əksinə olsaydı, eyni şəkildə hərəkət edərdik. Prioritet ikinci yerdə olan bolidə hücum etmək üçün ən yaxşı şansı vermək, üçüncü yerdəki bolidə isə təmiz hava və mövqeyini qorumaq üçün ən yaxşı imkan yaratmaq idi”.
Mercedes-in tras üzrə Baş Mühəndisi Endryu Şovlin isə Antonellinin Norrisə çata bilməyəcəyi aydınlaşdıqdan sonra onun geriyə çəkilərək Rassellə ötmə rejimindən istifadə etmək və Lyuis Həmiltonla Şarl Leklerin Ferrari-lərinə qarşı üçüncü yeri qorumaq üçün əlavə güc qazandırmasının müzakirə edilib-edilmədiyini açıqlayıb: “Bunu müzakirə etdik. Qazanc təxminən 0.2 saniyə idi və əsasən düzlükdə əldə olunurdu. Corcun ən həssas olduğu yer də məhz düzlük idi.
Narahatlıq ondan ibarət idi ki, əvvəllər məşq etmədiyimiz bir şeyi sınamaq bolidlərin bir-birinə ilişməsinə səbəb ola bilərdi. Dövrə vaxtındakı qazanc böyük olmadığı üçün Kiminin problemsiz şəkildə qabağa keçməsinin və Corca mümkün qədər yaxşı çıxış və əyləc performansı üçün təmiz hava verməyin daha yaxşı olduğuna qərar verdik.
Bu bolidlərlə 0.2 saniyəlik məsafədən izləmək mümkün deyil. Ferrari üçün ən yaxşı şans son döngədən çıxışda sürətlənmək və ya çox gec əyləclənərək hücum etmək idi.
Corcun müdafiəsi olduqca təsirli idi. Hətta hər iki Ferrari-ni arxasında saxlamaq şansını 50 faizdən çox qiymətləndirmək belə mümkün olmazdı. Virtual Təhlükəsizlik Avtomobili vəziyyəti bir-iki dövrəlik sakitləşdirməyə və onun enerjisini idarə etməsinə imkan verdi, amma Corc müdafiəni möhtəşəm şəkildə həyata keçirdi”.




Şərh əlavə et