Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Problem sazlanmalarda deyil

Oskar Piastri Niderland Qran Prisində dördüncü yerdən start götürüb yarışı altıncı pillədə başa vurub.

Startda mövqeyini itirən avstraliyalı sürücü qırmızı bayraq zamanı Hard təkərlərə keçib və ilk stintdə təkərlərin gözləniləndən daha çox aşınması səbəbindən ikinci dəfə Hard təkərlərlə pit-stop etməli olub.

Qeyri-adi görünən bu strategiya barədə danışan avstraliyalı pilot əsas problemin təkər seçimi olmadığını, yavaş keçən ilk pit-stop və daha sonra göstərdikləri zəif yarış tempinin onları geriyə saldığını vurğulayıb.

Oskar Piastri:  “Əslində plan Hard təkərlərlə başlayıb sona qədər getmək, hətta digər Hard təkər dəstindən istifadə etmək idi. Lakin çox tez başa düşdük ki, Hard təkərlər əslində o qədər də yaxşı seçim deyil. Ən azı mənim hiss etdiyim belə idi. Bununla belə, məsələnin bu tərəfi bizim üçün o qədər də böyük problem olmadı.

Açığı, ilk pit stopun yavaş keçməsi bir qədər bizə zərər vurdu. Daha sonra göstərdiyimiz yarış tempi isə tam bir əziyyət idi. Bəli, trasda çox fərqli strategiyalar var idi, ancaq məncə, Zandfortda əsas problemimiz strategiya deyildi”.

İkinci startda qazandığı mövqelərdən sonra yarışın necə tərsinə getdiyini izah edən Piastri ilk dövrələri belə xatırlayıb: “Düşündüyümdən daha yaxşı idi. Bilirsiniz, burada həm sprint yarışında, həm də ilk startda dördüncü yerdən başladığım hər dəfə ilk döngədə daxili trayektoriyada sıxılıb qaldım.

Beşinci yerdən start götürüb xarici trayektoriyadan istifadə edə bilmək əslində daha yaxşı oldu, çünki bir mövqe qazandım. Daha sonra 7-ci döngəyə gedən düzlükdə, deyəsən, Corcun güc qurğusunda problem yarandı və daha bir mövqe qazandım. Bu, yaxşı üstünlük idi, ancaq təəssüf ki, yarış bundan sonra tamamilə əlimizdən çıxdı.

Temp baxımından bir konkret problem göstərə bilmirəm. İlk stint pis hiss etdirmədi, ortalarında bir qədər çətinlik çəkdim, amma stintin sonuna doğru kifayət qədər yaxşı idi. İkinci Hard təkər stinti isə ilk beş dövrədə pis deyildi, daha sonra tam fəlakətə çevrildi və son bölümün necə keçdiyini mən özüm də tam başa düşmürəm.

Təəssüf ki, tempimizin olmadığı ilk yarış bu deyil. Ona görə də bunun həllini tapmalıyıq”.

Zandfortun yavaş döngələrində bolidin çətinlik çəkib-çəkmədiyi barədə suala Piastri komanda yoldaşı Lando Norrisin qələbəsinə diqqət çəkərək problemin boliddə deyil, özündə olduğunu etiraf edib: “Yəqin ki, ən zəif nöqtəmiz bura idi, lakin vəziyyətin o qədər də pis olduğunu düşünmürəm. Nəticədə Lando yarışı kifayət qədər rahat qazandı, yəni bolid yaxşı vəziyyətdədir. Son iki həftəsonunda kifayət qədər sürətli idik və düşünürəm ki, bu iki tras bolidə yaxşı uyğun gəlirdi.

Sadəcə, səbəbi nə olursa-olsun, mən həmin tempi boliddən çıxara bilmədim”.

Norris ilə arasındakı nəzərəçarpacaq yarış tempi fərqinin səbəbləri barədə danışan Piastri problemin sazlamalardan daha çox sürüş tərzi və bolidin balansı ilə bağlı olduğunu bildirib: “Sazlanma baxımından elə də böyük bir məsələ yoxdur. Düşünürəm ki, sürüş tərzimlə bağlı mütləq nələrsə var. Bu həftəsonu sıralanma turlarında özümü daha rahat hiss edirdim. Q1 və Q2 yaxşı keçdi. Q3-də hər şeyi tam maksimuma çatdıra bilməsəm də mübarizənin içində idim. Amma yarışda vəziyyət tamamilə fərqli oldu.

Yarışda bolidin arxa hissəsinə nəzarət etmək çox çətinləşir. Hətta son bir neçə həftəsonunun sıralanma turlarında da bu məqam məni çox çətin vəziyyətə salıb. Bu həftəsonu sıralanma turunda isə vəziyyət daha yaxşı idi və özümü daha inamlı hiss edirdim.

Zandfortda yarışın müəyyən hissələrində özümü pis hiss etmirdim, ancaq o saf temp heç cür ortaya çıxmadı.

Dediyim kimi, bu, bu il yaşadığım ilk belə yarış deyil. Bəzi yarışlar çox yaxşı keçib, bəziləri isə çox güclü olub. Amma artıq geridə qaldığımız yarışların sayı bir qədər çoxalmağa başlayıb”.

McLaren-in son iki yarışda qələbə qazanmasının çempionatın qalan hissəsi üçün nə qədər ümidverici olduğu barədə suala isə avstraliyalı pilot ehtiyatlı cavab verib: “Bunu əvvəlcədən demək çətindir. Çünki bu iki trasın – Hungarorinq və Zandvoortun – xarakteri bir-birinə kifayət qədər bənzəyir: qısa düzlükələr və əsasən uzun döngələr var.

Monza isə bir çox cəhətdən tamamilə fərqli tras olacaq. Ona görə də bu tempin digər traslara da keçib-keçməyəcəyini gözləyib görməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et