Xəbəri Kokpitdə Oxuyun!

Alonso: Bolidi sürmək zövq verdi

Fernando Alonso xaotik Niderland Qran Prisində doqquzuncu olaraq Aston Martinə iki dəyərli xal qazandırıb.

Aston Martin yay fasiləsindən əvvəl Macarıstanda tətbiq etdiyi genişmiqyaslı yenilənmə paketinin ardından Zandforta yeni Honda güc qurğusu ilə gəlib. Fernando Alonso bu inkişafların üstünlüklərindən maksimum yararlanaraq ilk 10-luğa daxil olub və komandasına iki xal qazandırıb.

Qalib Lando Norrisdən bir dövrə geridə qalan ispaniyalı sürücü finiş xəttini son xalın sahibi olan Alpine pilotu Pyer Qaslinin dərhal önündə keçib.

Şənbə günü keçirilən sıralanma turunda 18-ci yeri tutan ikiqat Dünya Çempionu yarış zamanı komanda radiosu vasitəsilə Ədrian Nyuiyə bolidin idarəetmə hissinin “möhtəşəm” olduğunu bildirib.

Nyui də Alonsonun performansından sonra radio vasitəsilə ispaniyalı pilota təşəkkür edib: “Əhsən, Fernando, möhtəşəm sürüş idi. Çox intizamlı idin. Bu, Silverstoundakı komanda üçün böyük motivasiya oldu. Təşəkkürlər”.

Alonso isə buna müsbət cavab verərək gələcəkdə “daha çoxunun gələcəyinə” əmin olduğunu deyib: “Bəli, tamamilə. Təşəkkürlər, uşaqlar. Silverstoundakı hər kəs möhtəşəm iş gördü. Bolidi idarə etmək çox zövqlü idi və əminəm ki, qarşıda bizi daha çox şey gözləyir. Mən bunu bilirəm”.

Zandfort Alonsonun 2026-cı il mövsümündə xal qazandığı ikinci yarış olub. İspaniyalı pilot mövsümün ilk xallarını Monako Qran Prisində qazanıb. Həmin yarışda Cadillac pilotu Serxio Peresə verilən 10 saniyəlik cəza Alonsonun Aston Martinə xal qazandırmasına imkan verib.

Cadillac isə indiyədək xal qazana bilməyən yeganə komanda olaraq qalır.

Rauf Hacıyev

Şərh əlavə et