Pirelli-nin baş mühəndisi Simone Berra bildirib ki, səhər yağışından sonra trasdakı vəziyyət gözləniləndən yaxşı olub və komandalar üç tərkibin hamısının davranışını araşdırıblar: “Sərbəst yürüşün ilk bir neçə dövrəsində pilotlar keçid təkərlərindən istifadə etsələr də, daha sonra komandalar hər üç tərkibin davranışını təhlil etdilər. Çünki səhərki yağışdan sonra trasda ilişmə səviyyəsi gözlədiyimizdən daha yaxşı idi.
Medium təkərlər Hard ilə müqayisədə daha abraziv asfaltın təsirinə çox məruz qalırdı, amma ümumilikdə yeyilmə səviyyəsi yüksək deyildi və sürətə ciddi təsir göstərmirdi.
Soft təkərlər yaxşı ilişmə təmin edirdi. Buna trasın vəziyyətinin tədricən yaxşılaşması da kömək edirdi. Komandalar fərqli yanaşmalardan istifadə etdilər. Bəziləri sərbəst yürüşdə bir dəst Hard təkərdən istifadə etdi, digərləri isə hər iki Hard dəstini ehtiyatda saxlamağa üstünlük verdi. Bu isə bir neçə pit-stoplu strategiyanı nəzərdən keçirdiklərini göstərir.
Bu baxımdan əsas rolu təkərlərin deqradasiyası oynayacaq. Hazırda vəziyyət nəzarət altındadır və bunda, ilk növbədə, nisbətən aşağı temperaturun rolu var. Bundan əlavə, bu trasda Təhlükəsizlik Avtomobilinin çıxma ehtimalı ənənəvi olaraq yüksəkdir.
İstənilən halda, düşünürük ki, bazar günü keçiriləcək yarışda hər üç tərkib strategiyaların hazırlanmasında istifadə olunacaq”.
Berra Medium və Soft arasındakı sürət fərqinin təxminən 0,5 saniyə olduğunu bildirib. Bu göstərici Pirelli-nin simulyator hesablamalarına uyğun gəlsə də, onların hesablamalarına əsasən dövrə vaxtları təxminən bir saniyə daha yaxşı olmalı idi.




Şərh əlavə et