Xəbəri Kokpitdə Oxuyun!

Honda yeni güc qurğusunun sirrini açıb

Aston Martin komandası Niderland Qran Prisində Honda-nın yenilənmiş güc qurğusunu debüt etdirəcək

Aston Martin bu həftəsonu keçiriləcək Niderland Qran Prisində Honda-nın yenilənmiş güc qurğusunu AMR26-ya inteqrasiya edəcək.

Yeni konstruksiya AMR26 üçün həyata keçirilən inkişaf proqramının ən mühüm mərhələlərindən birini təşkil edir. Aston Martin-in Macarıstan Qran Prisində şassi sahəsində əldə etdiyi ciddi irəliləyişdən sonra təqdim olunan bu yeniləmə ilə komanda rəqibləri ilə arasındakı fərqi daha da azaltmağı hədəfləyir.

Honda isə Ədrian Nyuinin rəhbərlik etdiyi texniki heyətin Macarıstanda əldə etdiyi irəliləyişi yeni güc qurğusu ilə daha da inkişaf etdirmək istəyir. Yapon istehsalçısı yeni paket vasitəsilə yanma səmərəliliyini artırmağı, daxili sürtünməni azaltmağı və mühərrikin ümumi performansını yüksəltməyi hədəfləyir.

Honda-nın baş mühəndisi Şintaro Orihara Niderland Qran Prisinin mühüm mərhələ olduğunu, lakin Zandfortda keçiriləcək sprint formatının yeniləmənin qiymətləndirilməsi prosesini çətinləşdirəcəyini bildirib: “Niderland Qran Prisi Honda üçün son dərəcə mühüm mərhələdir, çünki yeni güc qurğusu konstruksiyamızı ilk dəfə burada trasa çıxaracağıq.

Bu yeniləmə həm Sakuradakı, həm İngiltərədəki, həm də Aston Martin komandasındakı əməkdaşlarımızın gərgin əməyinin nəticəsidir.

Zandfort sprint həftəsonu olduğu üçün cəmi bir sərbəst məşq sessiyamız olacaq. Bu qədər məhdud tras vaxtında yeni paketin qiymətləndirilməsini başa çatdırmaq əlavə çətinlik yaradacaq, amma bu sınağı səbirsizliklə gözləyirik”.

Honda yeniləmənin güc qurğusunun daxilində bir sıra mühüm dəyişiklikləri ehtiva etdiyini və əsas diqqət yetirilən sahələrdən birinin yanma səmərəliliyi olduğunu açıqlayıb.

Orihara inkişaf prosesi zamanı yanma kamerasındakı reaksiyanı sürətləndirməyə və daxili sürtünməni minimuma endirməyə fokuslandıqlarını deyib: “Yanma prosesini sürətləndirərək mühərrikin performansını artırmağa fokuslandıq.

Əslində bu, bir qədər sirr sayılır, lakin kiçik bir detal açıqlaya bilərəm… Yanmanı sürətləndirmək üçün ön yanma kamerasını dəyişdirdik və daha səmərəli yanma əldə etmək məqsədilə porşenin geometriyasını yenidən işlədik.

Bundan başqa, sürtünməni azaltmaq üçün bəzi yağlama sistemlərində dəyişikliklər etdik. Yəni mühərrikin performansını artırmaq üçün kifayət qədər geniş inkişaf proqramımız var idi”.

Ön yanma kamerası və porşen konstruksiyasındakı dəyişikliklər birbaşa yanma prosesinin səmərəliliyini artırmağa, yenilənmiş yağlama sistemləri isə mühərrikin daxilindəki güc itkilərini minimuma endirməyə hesablanıb. Honda beləliklə yalnız bir komponentə fokuslanmaq əvəzinə, güc qurğusunun müxtəlif sahələrində kompleks inkişaf yolu seçib.

Yeniləmənin vaxtı Aston Martin üçün də böyük əhəmiyyət daşıyır. Komanda Macarıstan Qran Prisində avtomobilə gətirilən genişmiqyaslı şassi yeniləməsi sayəsində rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb. İndi isə güc qurğusundakı yeniliklə bu irəliləyişi daha da möhkəmləndirmək istəyir.

İki inkişaf proqramının paralel şəkildə irəlilədiyini vurğulayan Orihara fikirlərini belə tamamlayıb: “Macarıstanda yeni şassi ilə irəliyə doğru yaxşı bir addım atıldığını gördük.

İndi təqdim etdiyimiz yeni güc qurğusu ilə mövsümün qalan hissəsində komanda ilə birlikdə inkişafımızı davam etdirməyi hədəfləyirik”.

Rauf Hacıyev

Şərh əlavə et