Xəbəri Kokpitdə Oxuyun!

Y.Tsunoda: F1 üçün darıxmışam

Yuki Tsunoda, Ayzek Hacarın zədələnməsindən sonra F1-ə qayıdacağını yarışdan cəmi iki gün əvvəl öyrənib.

Fransalı pilotun zədələnməsindən sonra Yuki Tsunoda Formula 1-ə sürpriz şəkildə qayıtmaq şansı əldə edib. Yaponiyalı pilot bu qərardan cəmi iki gün əvvəl, Yunanıstanda tətildə olduğu zaman xəbər tutub.

Liam Lousonun Racing Bulls-dan Red Bull-a çağırılaraq Hacarın yerini almasının ardından Tsunoda da yenidən Formula 1 yarışında iştirak etmək imkanı qazanıb.

Zandfort paddokuna gələn yaponiyalı pilot Niderland Qran Prisində yarışacağını ona çərşənbə axşamı bildirildiyini açıqlayıb.

Yuki Tsunoda: “Yunanıstanda menecerim və digər dostlarımla birlikdə vaxt keçirirdim. Çimərlikdə idim.

Tətil boyu sadəcə çimərlikdə oturmurdum, məşq etməyə və digər işlərimi görməyə davam edirdim. Amma çimərlikdə olduğum vaxt menecerlərimdən telefon gələndə kifayət qədər rahat idim və gözəl okean mənzərəsinə baxırdım.

Birdən telefon gəldi: ‘İngiltərəyə getməlisən.’ Mən də dedim: ‘Cəmi 24 saatdır Yunanıstandayam və artıq İngiltərəyə getməyimi istəyirsiniz?’ Sonra soruşdum: ‘Niyə?’ Dedilər: ‘Bu həftə yarışa bilərsən.’ Mən də ‘Yaxşı, o zaman gedirəm!’ dedim”.

Tsunoda ötən mövsümün sonunda yarış pilotu statusunu itirdikdən sonra bu il Red Bull Racing-in rəsmi ehtiyat pilotu kimi fəaliyyət göstərirdi. Lakin Lousonun yeni nəsil F1 avtomobilləri ilə daha çox təcrübəyə malik olması səbəbindən Red Bull Yeni Zelandiyalı pilotu əsas komandaya çağırmaq qərarına gəlib.

Tsunoda 2025-ci il Əbu Dabi Qran Prisindən sonra ilk dəfə Formula 1 yarışında iştirak edəcək. Bununla belə, yaponiyalı pilot bu il Red Bull-un əvvəlki nəsil avtomobilləri ilə testlərdə iştirak edib və simulyatorda çalışmalarını da davam etdirib.

Yuki Tsunoda: “Bu, həqiqətən də gözlənilməz oldu. Uzun müddətdir gözlədiyim və çox istədiyim an idi. Hər yarışı ekrandan izləyərkən ‘Həqiqətən qayıtmaq və avtomobili idarə etmək istəyirəm’ deyə düşünürdüm.

Fiziki və psixoloji cəhətdən kifayət qədər hazır olduğumu düşünürəm. Uzun müddətdir, demək olar ki, hər gün məşq edirdim. Başqa görəcəyim bir iş olmadığı üçün məşq etməyə kifayət qədər vaxtım var idi.

İndi etməli olduğum yeganə şey bu avtomobilə uyğunlaşmaqdır. Düşünürəm ki, avtomobil mənə kifayət qədər fərqli gələcək. Prosedurlar, startvermə qaydası və digər məsələlər də fərqlidir. Cəmi bir məşq sessiyamızın olması işi daha da çətinləşdirəcək. Buna görə də hazırda özüm üçün heç bir gözlənti müəyyənləşdirmirəm. Uzun müddətdir etmək istədiyim işi görüb bundan zövq almağa çalışacağam.

Açığı, Racing Bulls-un simulyatorundan ilk dəfə sözün əsl mənasında dünən, çərşənbə günü istifadə etdim. Avtomobil haqqında məlumat baxımından Red Bull-da daha çox təcrübəm olduğuna əminəm. Amma sükan üzərindəki düymələr və digər məsələlər baxımından ötən ildən böyük fərq olmadığını bilirəm. Hansı düymənin nə işə yaradığını və haraya toxunmalı olduğumu bilirəm. Bu baxımdan böyük dəyişiklik yoxdur.

Ona görə də indiyə qədər bu komandadan çox məlumat almamışam, ancaq heç bir çaşqınlıq və ya tərəddüd də yaşamıram. Əksər şey gözlədiyim kimidir və düşünürəm ki, Red Bull ilə Racing Bulls arasında keçid kifayət qədər problemsiz olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et