Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Tələsmirəm

Fernando Alonso Niderland Qran Prisi həftəsonu öncəsi Aston Martin-in yenilənmiş güc qurğusu, Formula 1-dəki gələcəyi və karyera planları barədə danışıb.

Formula 1-in yay fasiləsindən qayıtması ilə bir sıra pilotların ən azı 2027-ci il üçün gələcəyi müəyyənləşib. Williams hazırkı heyəti Aleks Elbon və Karlos Saynsla yoluna davam edəcəyini açıqlayıb. Uzun müddətdir gözlənilən digər qərar isə Red Bull-dan gəlib və Maks Ferstappenin 2030-cu ilin sonuna qədər komandada qalacağı təsdiqlənib.

Bununla yanaşı, ikiqat Dünya Çempionu Fernando Alonsonun Formula 1-dəki gələcəyi hələ də dəqiq deyil. Aston Martin komandasının rəhbəri Mayk Krak komandanın Alonsonun qərarını gözlədiyini açıq şəkildə bildirib. İspaniyalı pilot isə bu qərarı vermək üçün tələsmədiyini söyləyib.

Niderland Qran Prisinin mətbuat konfransında danışan Alonso əvvəlcə Zandfortda istifadə ediləcək yeni mühərrikin performansına dair suala cavab verib: “Əlbəttə, güc, idarəolunma və indiyə qədər çatışmazlığını hiss etdiyimiz digər məqamlar baxımından müəyyən fayda görəcəyimizə ümid edirəm. Amma mənim üçün daha vacib olan Budapeştdə şassi ilə bağlı gördüyümüz kimi, ehtiyacların düzgün müəyyənləşdirildiyini və doğru istiqamətdə irəliləyiş əldə olunduğunu görməkdir.

Budapeştdə ön sıralar uğrunda mübarizə apara bilməyəcəyimizi anlayırdıq. Lakin şassinin inkişaf istiqamətinin doğru olub-olmadığını yoxlamaq istəyirdik. Məncə, bunu bacardıq.

Bu da gələcək üçün ümidvericidir. Çünki korrelyasiyanın doğru olduğunu və gözlədiyimiz dəyişikliklərin trasda öz əksini tapdığını gördük.

Mühərrik tərəfində də vəziyyət eynidir. Bəzi dəyişikliklər edilib. Onların gözlədiyimiz kimi işlədiyini təsdiqləmək yaxşı olardı. Qazancın bir saniyə, yaxud saniyənin onda biri olması o qədər də vacib deyil. Hazırda rəqəmlərin arxasınca qaçacaq vəziyyətdə deyilik. Sadəcə, gözlədiyimiz dəyişikliklərin reallaşdığını görmək istəyirik”.

Alonso karyerasını bitirəcəyi ilə bağlı söz-söhbətlərə də münasibət bildirib: “Bu, tamamilə mənim nə qədər əylənmək istəməyimdən asılıdır. Bu avtomobilləri idarə etmək Formula 1 tarixindəki ən zövqlü təcrübələrdən biri deyil, amma Formula 1 həmişə həyatımın bir hissəsi olacaq. Ürəyim buradadır.

Mən bu komandada uzunmüddətli perspektivdə hansısa formada yer alacağam. Bu məsələ yalnız mənimlə bağlı deyil.

Gələn il kimin yarışacağı və ya mənim yarışıb-yarışmayacağım barədə hələ danışmırıq.

Lorens və Ədrianla komandanın ehtiyaclarını müzakirə edəcəyik. Əgər sükan arxasında olmaq komanda üçün ən yaxşı variantdırsa, bunu nəzərdən keçirəcəyəm.

Əgər başqa bir vəzifədə daha faydalı ola biləcəyimi düşünsək, bundan da məmnun olaram. Lakin bir şey dəqiqdir: mən avtomobil idarə etməliyəm. Yarışmalı və adrenalini hiss etməliyəm. Mən yarışçıyam.

Hələ də qarşıma qoyduğum məqsədlər var. Bir gün Dakar Rallisində qalib gəlmək, bir daha “İndy 500”də mübarizə aparmaq kimi arzularım var. Əlbəttə, Formula 1-də üçüncü dünya çempionluğunu qazanmaq da əsas arzudur. Amma bu komandanın çempionluq səviyyəsinə çatmasının nə qədər vaxt aparacağını bilmirəm. Bəlkə də həmin gün gələndə sükan arxasında mən olmayacağam. Ancaq bütün bunlar ağlımdadır”.

Jurnalistlərdən birinin yaşına baxmayaraq karyerasının ən yaxşı dövrlərindən birini keçirdiyini söyləməsi üzərinə Alonso avtoidmanda yaş faktorunun digər idman növlərindəki qədər həlledici olmadığını vurğulayıb: “Bunu deməyiniz normaldır, çünki siz idman jurnalistisiniz. Ümumi yanaşma belədir ki, müəyyən yaşda zirvəyə çatır, sonra isə geriləməyə başlayırsınız. Amma bu, futbol deyil, atletika deyil, NBA deyil.

2023-cü ildə Qətərdə yarışdıq. Park-fermedə demək olar ki, hamı tamamilə tükənmişdi, mən isə özümü yaxşı hiss edirdim və televiziyalara müsahibələr verməyə davam edirdim. Bu, tamamilə fərqli dünyadır.

Bəzi pilotlar avtomobili idarə edərkən beyin və fiziki imkanlarının 100 faizindən istifadə edə bilər. Bəlkə də Maks Ferstappen onların yalnız 10 faizindən istifadə edir, çünki o, tamam başqa səviyyədədir.

Yaş problem deyil. Əsas məsələ motivasiyanın, həzzin və qarşıya qoyulan məqsədlərin hələ də mövcud olmasıdır”.

Alonso gələcəyi barədə düşünməyə hələ başlamadığını da bildirib: “Açığı, bu otağa daxil olana qədər gələcəyim barədə heç düşünmürdüm. Yeni mühərrikimiz var. Həftəsonu üçün hava proqnozuna baxmışam. Şassidə kiçik bir yenilik var. Diz nahiyəsində rahatlıqla bağlı yeni həll üzərində mühəndislərlə danışacağam.

Yəni bütün diqqətim bu həftəsonuna yönəlib, gələcəyə yox”.

Rauf Hacıyev

Şərh əlavə et