Red Bull çərşənbə günü yaydığı rəsmi açıqlamada 21 yaşlı pilotun yay fasiləsi zamanı biləyindən zədə aldığını və bu səbəbdən Zandfortdakı yarışda iştirak etməyəcəyini təsdiqləyib. Lakin komanda hadisənin necə baş verdiyi barədə ətraflı məlumat verməyib və yalnız Hacarın yerinə Liam Lousonun yarışacağını açıqlayıb.
Sky F1 müxbiri Kreyq Sleyterin yaydığı məlumata görə, fransalı pilot yay tətili zamanı məşq məqsədilə qumla doldurulmuş ağır kisə ilə boks məşqi edərkən biləyini sındırıb.
Zədə barədə Sky F1-in canlı yayımında danışan Sleyter bildirib: “Racing Bulls-da keçirdiyi ilk mövsümdən sonra əsas komandaya yüksələn və debüt mövsümündə əla çıxış edən Ayzek Hacar bu həftəsonu Niderlandda yarışa bilməyəcək.
O, boksa kifayət qədər maraq göstərir. Ən azı, bu idmandan məşq proqramının bir hissəsi kimi istifadə edir və uşaqlıqdan boksa həvəsi var.
Əldə etdiyim məlumata görə, o, zalda içi qumla doldurulmuş ağır kisəni yumruqladığı zaman biləyini sındırıb.”
Fransalı sürücü daha əvvəl verdiyi müsahibələrdə də boksa olan sevgisindən dəfələrlə danışıb və idman dünyasında ən çox heyran olduğu şəxsin Məhəmməd Əli olduğunu bildirib.
Gənc pilot 2023-cü ildə Formula 2-nin rəsmi saytına açıqlamasında demişdi: “Məhəmməd Əli əsl əfsanədir. Mən boksu çox sevirəm, “Rokki” filmləri ilə böyümüşəm. Əli bu idmanda nəhəng fiqur idi və öz xalqı üçün çox böyük məna daşıyırdı”.




Şərh əlavə et