Xəbəri Kokpitdə Oxuyun!

McLaren Zandforta yeniliklərlə gəlir

Macarıstan Qran Prisindəki qələbədən sonra McLaren son yeniliklərin də köməyi ilə Niderlandda qələbə seriyasını davam etdirmək istəyir

Mövsümün ilk hissəsində uzun müddət çətinlik çəkən son dünya çempionu McLaren yay fasiləsindən əvvəlki son yarışda – Macarıstan Qran Prisində yenidən podiumun ən yüksək pilləsinə qalxıb. Lando Norris Budapeştdə çox rahat qələbə qazanaraq, komandaya mövsümdəki ilk qələbəsini gətirib.

McLaren bu həftəsonu MCL40-ı bir sıra mühüm yeniliklərlə trasda sınamağa hazırlaşır.

Komandanın texniki direktoru Nil Houldi Niderland Qran Prisindən əvvəl yeniliklər barədə danışıb: “Zandforta yay fasiləsindən əvvəlki son yarışı qələbə və çox yaxşı nəticə ilə başa vuraraq gəlirik. Lakin rəqabətin nə qədər sıx olduğunu və etibarlılığın nə qədər vacib olduğunu yaxşı anlayırıq.

Mövsümün ilk hissəsində bu avtomobildən maksimum performansı necə əldə etməli olduğumuzu və ilin əvvəlində qarşılaşdığımız problemləri necə nəzarətdə saxlamalı olduğumuzu çox öyrəndik.

Bununla yanaşı, komanda olaraq inkişaf proqramımız üzərində də intensiv işlədik. Bu həftəsonu istifadə edə biləcəyimiz bir neçə yeni komponentimiz var. Avtomobilin arxa hissəsinə fokuslanmışdıq və Macarıstanda istifadəyə verdiyimiz yeni arxa qanadla yeni arxa əyləc hava girişlərini də əlavə edərək yenilik paketini tamamlayırıq.

Lakin digər komandaların da yeniliklər gətirəcəyini bilirik. Buna görə də yenə çətin həftəsonu bizi gözləyir. Məqsədimiz avtomobildən maksimum performansı almaqdır. Bunu bacarsaq, ön qrupdakı komandalarla mübarizə apara bilərik”.

Formula 1-in Zandfortda keçirilən son yarışında diqqət əsasən trasın məşhur kələ-kötür hissələrinə yönələcək. Bununla yanaşı, bu il qüvvəyə minən yeni texniki qaydalar pilotların trasın bəzi hissələrinə əvvəlki illərdən fərqli yanaşmasını tələb edir.

Holdi 2026-cı il avtomobillərinin Zandfortdakı davranışını belə izah edib: “2026-cı il avtomobillərində daha aşağı asfaltayatma qüvvəsinə görə döngələrdə sürətlərin azalmasını gözləyirik. Bunun əvəzində daha yüksək güc və düzlüklərdə daha aşağı aerodinamik müqavimət sayəsində düzlük sürəti artacaq.

Bu da pilotların dövrənin bəzi hissələrini keçmə tərzini dəyişir. Eyni zamanda məşq sessiyaları gətirdiyimiz yenilikləri anlamaq, məlumat toplamaq və həmin məlumatlardan istifadə üsullarımızı təkmilləşdirmək baxımından son dərəcə vacibdir. Hava şəraiti vəziyyəti daha da mürəkkəbləşdirsə, buna uyğunlaşmağı da bacarmalıyıq”.

McLarenin texniki direktoru Zandforttun mühəndislik baxımından özünəməxsus çətinlikləri olduğunu da vurğulayıb: “Zandfort yüksək maili döngələri, yüksək sürətli hissələri, dalğalı səthi və avtomobilin asfaltla ilişməsini gözlənilməz hala gətirə bilən küləyi ilə mühəndislik baxımından unikal mübarizə təqdim edir.

Həftəsonunun əsas məqsədlərindən biri trasın kələ-kötür hissələrində sərtliklə sürüş rahatlığı arasında düzgün balansı tapmaq olacaq. Eyni zamanda məşq sessiyalarında aerodinamik sazlamaları və avtomobilin sürüş hündürlüyünü optimal səviyyəyə gətirməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et