Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Sayns gələn il Williams-da yarışacaq

Williams komandası Karlos Sayns ilə çoxillik yeni müqavilə imzaladığını açıqlayaraq, 2027-ci il mövsümündəki pilot heyətini dəqiqləşdirib.

İspaniyalı sürücünün gələcəyi ilə bağlı açıqlama komanda yoldaşı Aleks Elbonun gələn mövsüm üçün yalnız birillik müqavilə uzatmasından bir gün sonra gəlib.

2027-ci il Saynsın Williams-dakı üçüncü mövsümü olacaq. Bu qərar komandanın 11 yarışdan sonra cəmi 11 xalla doqquzuncu pillədə qərarlaşdığı və son beş yarışda heç bir xal qazana bilmədiyi çətin 2026-cı il mövsümünə baxmayaraq qəbul edilib.

Karlos Sayns açıqlamasında belə deyib: “Williams ailəsi ilə yoluma davam edəcəyimi açıqlamaqdan böyük məmnunluq duyuram.

Həm bazada, həm də yarış traslarında çalışan bu komandanın üzvlərinə, eləcə də pərdəarxasında edilən investisiyalara və sərf olunan əməyə həqiqətən inanıram.

Bu vəziyyəti birlikdə dəyişə biləcək gücə sahibik. Williams-ı layiq olduğu yerə qaytarmağa kömək etməkdə ilk gündəki qədər qərarlıyam.

Komanda ilə daha çox xatirə toplamağı səbirsizliklə gözləyirəm”.

Saynsın qərarı 2026-cı il mövsümünün uğursuz keçdiyi nəzərə alındıqda ilk baxışda sürpriz sayıla bilər. Williams 31 yaşlı pilotun iki podium qazandığı 2025-ci il mövsümündə Mühəndislər Çempionatını beşinci pillədə başa vuraraq 2017-ci ildən bəri ən yaxşı nəticəsini əldə etmişdi.

Lakin Britaniya komandası 2026-cı ilin texniki qaydalarının qüvvəyə minməsi ilə mövsümə həddindən artıq ağır avtomobillə başlayıb və il ərzində əsas diqqətini bu çəkini azaltmağa yönəldib. Bu isə aerodinamik inkişafın müəyyən qədər arxa plana keçməsinə səbəb olmuş ola bilər.

31 yaşlı pilot bununla da Williams-ın Formula 1-dəki 50-ci mövsümündə də komandanın bir parçası olacaq. Williams indiyədək doqquz Mühəndislər Çempionatı, yeddi Pilotlar Çempionatı və 114 Qran Pri qələbəsi qazanıb.

Komanda rəhbəri Ceyms Vovlz isə belə danışıb: “Karlosun komandaya qoşulduğu ilk gündən etibarən sükan arxasındakı bacarığı və  bazadakı fədakarlığı bu layihə üçün son dərəcə dəyərli olub. O, mühəndisləri ilə hər gün çalışaraq hər millisaniyəni tapmağa cəhd göstərir.

O, bu komandanın liderlərindən biridir və Williams-ı yenidən qurmağa davam edərkən nələrin mümkün olduğunu görə bilməsindən böyük məmnunluq duyuram.

Burada təkcə onun yarış bacarığı və sürəti deyil, yüksək performans hədəfinə çatmaq üçün pərdəarxasında gördüyü işlər də diqqət çəkir.

Karlos Williams-a olan inamımızı və hədəflərimizi bölüşür və bunları reallaşdırmaq üçün hər gün böyük səy göstərir.

Alekslə birlikdə pelotonun ən güclü pilot heyətlərindən birinə və performansın hər zərrəsini əldə etmək üçün birlikdə mübarizə apara biləcək gücə sahib komandamız olduğuna həqiqətən inanıram”.

Rauf Hacıyev

Şərh əlavə et