Xəbəri Kokpitdə Oxuyun!

Ə.Nyui yenidən Red Bull-la bir araya gəlir

Red Bull-dan ayrılaraq Aston Martin-ə keçən əfsanəvi konstruktor Adrian Nyui, öz imzasını daşıyan RB17 hiperkarını Goodwood Festivalının məşhur təpəyə qalxma mərhələsində şəxsən idarə edəcək.

Red Bull Advanced Technologies (RBAT) tərəfindən təşkil olunan RB17 təqdimatında Nyuiyə İsak Hacar, Yuki Tsunoda və Red Bull Akademiyasının pilotu Alişa Palmovski qoşulacaq. Bu nümayiş RB17-nin davam edən sınaq və inkişaf proqramının mühüm hissəsi olacaq. Avtomobilin real performans həddi isə ilin sonrakı aylarında xüsusi yarış traslarında yoxlanılacaq. Bundan əlavə, Nyui Aston Martin-ə keçdikdən sonra ilk dəfə keçmiş komandası Red Bull ilə eyni tədbirdə iştirak edəcək.

Beş ildən çox müddətdə hazırlanan RB17 atmosferik Cosworth V10 hibrid güc qurğusu ilə təchiz olunub. Heç bir texniki və ya reqlament məhdudiyyəti olmadan, tamamilə maksimal performans məqsədilə hazırlanmış bu avtomobil istehsalçısı tərəfindən indiyədək yaradılmış ən qabaqcıl hiperkar modellərindən biri hesab olunur.

RBAT-ın texniki direktoru Rob Qrey layihə ilə bağlı bunları deyib: “Red Bull olaraq başqalarının mümkünsüz hesab etdiyi çağırışları qəbul etdiyimiz zaman ən yaxşı nəticələri əldə edirik. RB17 də məhz belə bir layihədir.

Goodwood-da ilk yürüşümüz avtomobili real şəraitdə sınaqdan keçirmək, onu inkişaf etdirmək və tam potensialını üzə çıxarmaq istiqamətində proqramımız üçün mühüm mərhələdir”.

Goodwood Festivalındakı Red Bull nümayişləri yalnız RB17 ilə məhdudlaşmayacaq. Tədbirdə Sebastyan Fetteli 2013-cü ildə ardıcıl dördüncü dünya çempionluğuna daşıyan əfsanəvi RB9 bolidi də nümayiş yürüşünə çıxacaq.

Bundan başqa, komandanın tarixində iz qoymuş və azarkeşlərin rəğbətini qazanmış xüsusi rəng çalarlarına malik bolidlər də sərgilənəcək.

Tədbir 9–12 iyul tarixlərində İngiltərənin Qərbi Sasseks bölgəsində keçiriləcək.

Rauf Hacıyev

Şərh əlavə et