Ferrari hava müqavimətini daha da azaltmağı hədəfləyən bu hərəkətli aerodinamik sistemi ilk dəfə Bəhreyn testlərində nümayiş etdirib, Mayami Qran Prisindən etibarən isə aktiv şəkildə istifadə etməyə başlayıb. Red Bull da öz versiyasını məhz Mayamidə bolidə inteqrasiya edib. Pyer Vaşe bu ideyanı Ferrari-dən götürmədiklərini, sistemi 2025-ci ilin noyabrından etibarən hazırladıqlarını və Ferrari-dən fərqli olaraq əks istiqamətdə açılan mexanizm hazırladıqlarını bildirib.
Red Bull-un konstruksiyası düzlüklərdə daha aqressiv açılaraq daha yüksək maksimal sürət üstünlüyü yaradır. Lakin Ferrari bu sistemlə indiyədək heç bir problem yaşamasa da, Red Bull son iki həftə ərzində Maks Ferstappenin bolidində iki ciddi mexaniki nasazlıqla üzləşib.
Red Bull Avstriya və Britaniyada yaşanan problemlərin fərqli səbəblərdən qaynaqlandığını açıqlasa da, Ferstappen son qəzasından sonra vəziyyəti “son dərəcə təhlükəli” adlandırıb. FIA üçün bu iki hadisə sistemin işləmə prinsipini yaxından araşdırmaq və təhlükəsizlik qaydalarına uyğunluğunu qiymətləndirmək üçün kifayət qədər ciddi əsas yaradıb.
Hazırkı qaydalara əsasən, arxa qanadın iki sabit vəziyyət arasında keçid müddəti maksimum 400 millisaniyə ola bilər. Texniki reqlamentdə bu belə göstərilib: “Arxa qanad flapının hər hansı tənzimlənməsi yalnız FIA-nın standart ECU-su (Elektron İdarəetmə Bloku) tərəfindən idarə oluna bilər. İki mövqe arasındakı keçid müddəti əmrin verildiyi andan sensorun yeni mövqeyi təsdiqlədiyi ana qədər 400 millisaniyəni keçməməlidir”.
FIA araşdırmanın nəticələrinə əsasən mövcud qaydaların bu tip qəzaların qarşısını almaq üçün kifayət edib-etmədiyini müəyyənləşdirəcək.
Əgər Red Bull-un bütün qaydalara əməl etməsinə baxmayaraq bu nasazlıqların baş verdiyi təsdiqlənərsə, federasiya əlavə testlər və ya yeni məhdudiyyətlər tətbiq edə bilər.
Ən sərt ssenaridə bu konseptin mövsümün qalan hissəsi və ya 2027-ci il üçün tam qadağan edilməsi ehtimalı olsa da, hazırda belə bir qərar gündəmdə deyil.
Araşdırma hələlik McLaren-i əhatə etmir
Ferstappenin narahatlığının artması və FIA-nın əlavə məlumat tələb etməsindən sonra Red Bull Spa-Frankorşam yarışında bu arxa qanaddan istifadə edib-etməyəcəyini dəyərləndirir. Komandanın rəhbəri Loran Mekis bildirib: “Riskləri sıfıra endirmək üçün nə lazımdırsa edəcəyik”.
O vurğulayıb ki, komanda üçün əsas prioritet təhlükəsizlikdir.
Bu konsepsiyanın araşdırılması FIA üçün daha da vacib hal alıb. Çünki digər komandalar da öz hərəkətli arxa qanad layihələrini hazırlamağa başlayıblar. McLaren öz versiyasını ilk dəfə Avstriya Qran Prisinə gətirsə də, onu hələ yarış şəraitində istifadəyə hazır hesab etmədiyi üçün hətta sərbəst yürüşlərdə də sınamayıb.
Andrea Stellanın rəhbərlik etdiyi komanda Silverstoundakı sprint formatına görə risk etməyərək qanadı qarajda saxlayıb. Lakin Spa-Frankorşamda onun ilk dəfə istifadəyə verilə biləcəyinə işarə edib.
Bu səbəbdən FIA-nın hazırkı araşdırmasının yalnız Ferrari və Red Bull-u əhatə etdiyi, McLaren-in isə hələlik bu prosesə daxil edilmədiyi bildirilib.




Şərh əlavə et