Xəbəri Kokpitdə Oxuyun!

Silverstoun: Küllərindən doğulanlar, enişə keçənlər və Formula 1-in yeni reallığı

Silverstoun həmişə fərqli olub. Bura təkcə Formula 1-in doğulduğu yer deyil. Bura sürücülərin, komandaların və hətta çempionatın özü haqqında ən doğru cavabları verdiyi trasdır. Sürətli döngələr, külək, dəyişən hava, təkərlərə yüksək yük… Burada bolidin də, sürücünün də maskası tez düşür.

2026-cı il Britaniya Qran Prisi də mövsümün dönüş nöqtələrindən biri oldu.

Lekler nəhayət lənəti qırdı

Son illərdə Silverstoun Şarl Lekler üçün qəribə yer idi. Sürəti var idi, amma nəticəsi yox. 2020, 2021 və 2022-ci illərdə qələbəyə yaxın olsa da, hər dəfə ya strategiya, ya etibarlılıq, ya da sadəcə bəxt ona mane olmuşdu.

Bu dəfə isə hər şey fərqli idi. Antonellinin texniki problemi qapını açdı, amma o qapıdan içəri girən Leklerin özü idi. Ferrari-nin yeni Carbon Industrie əyləc sistemi Şarl Leklerdə ilk dəfə  tam yarış məsafəsində özünü göstərdi və monakolu pilot bütün həftəsonu ərzində demək olar ki, səhv etmədi. Silverstoun kimi trasda Lyuis Həmiltonu 25 saniyə geridə qoymaq təsadüf deyil.

Bəlkə də Ferrari mövsümün əvvəlində itirdiyi psixoloji üstünlüyü yenidən qazanmağa başlayır.

Ferrari yenə Ferrari…

Amma Ferrari sevinci uzun çəkmədi. Təhlükəsizlik maşını çıxır. Yarışın sonuna dörd dövrə qalır. Hamı hesablayır ki, SC ən azı üç dövrə trasda qalacaq. Belə vəziyyətdə Həmiltonu pitə çağırmaq hansı məntiqə sığır? Əgər tras mövqeyi bu qədər vacibdirsə, niyə ikinci yeri riskə atırsan? Ferrari son illərdə texniki baxımdan xeyli inkişaf edib. Pit-stoplar sürətlənib, bolid güclənib, sürücülər daha stabildir. Amma qərarvermə prosesində hələ də köhnə problemlər qalır. Bəzən elə bil komanda körpüsündə hələ də keçmişin kabusları oturur.

Rassell podium qazandı, amma inandırmadı

Corc Rassell son üç yarışda Antonelliyə böyük fərq bağladı. Monakodan sonra 68 xal geridə idi. İndi isə fərq cəmi 25 xaldır. Kağız üzərində möhtəşəm geri dönüşdür. Lakin sürət cədvəlinə baxanda fərqli mənzərə yaranır. Barselonada da, Avstriyada da, Silverstounda da Rassell qalib gələn pilot təsiri bağışlamadı. O, daha çox hadisələrdən maksimum istifadə edən sürücü kimi göründü. Bu isə çempion olmaq üçün kifayət etməyə bilər.

Antonelli ilk dəfə təzyiq hiss edir

Mövsümün əvvəlində Antonelli toxunulmaz görünürdü. Mercedes üstün idi. Antonelli səhv etmirdi. Rəqiblər isə bir-bir xal itirirdi. İndi vəziyyət dəyişir. Avropada keçirilən dörd yarışın üçündə problem yaşaması təsadüf sayıla bilməz. Texniki nasazlıqlar, strategiya problemləri və bəzən də şəxsi səhvlər. Bir vaxtlar 66 xal üstünlüyü olan sürücü indi cəmi 25 xal qabaqdadır. Ən təhlükəlisi isə odur ki, rəqiblər artıq onun məğlub edilə biləcəyini görüblər.

Yo-Yo Racing – 2026-cı il mövsümünün yeni adı

Britaniya sprinti 2026 reqlamentinin bəlkə də ən maraqlı tərəfini bir daha nümayiş etdirdi – “Yo-Yo Racing”.

Əvvəlki illərdə DRS qatarı anlayışı var idi. İndi isə vəziyyət tam fərqlidir. Yeni güc qurğularında enerjinin istifadəsi və bərpası, aktiv aerodinamika və fərqli sazlanmalar səbəbindən pilotlar eyni tempdə qala bilmirlər. Nəticədə yarış yo-yo oyuncağı kimi irəli-geri hərəkət edən mübarizəyə çevrilir.

Silverstoun sprintində bunu dəfələrlə gördük. Corc Rassell bir dövrə ikinci yer uğrunda mübarizə aparırdı, növbəti dövrədə isə yeddinci yerə qədər geriləyirdi. Oskar Piastri və Maks Ferstappen də eyni ssenarini yaşadılar: bir döngədə hücum edən tərəf idilər, bir neçə kilometr sonra isə müdafiəyə çəkilməli olurdular. Sürücülər sanki görünməz elastik iplə bir-birinə bağlanmışdılar – biri irəli dartılırdı, sonra enerji üstünlüyü rəqibə keçir və vəziyyət tam əksinə dəyişirdi.

Ferstappen niyə yenə əsas obrazlardan biridir?

verstappen

Red Bull hazırda mövsümün ən böyük sual işarəsidir. Avstriyada döngələrdə problem yaşayırdı. Silverstounda da eyni mənzərə təkrarlandı. Komanda yüngülləşdirmə proqramında səhv edib, yoxsa RBPT güc qurğusunda gizli problem var? Bunu hələ bilmirik. Amma bir şeyi bilirik. Maks Ferstappen hələ də zəif maşınla belə yarışın ritmini dəyişə bilir. O, qalib gəlməsə də, yarışın mərkəzində qalmağı bacarır. Bu da böyük sürücülərin fərqidir.

Silverstounun verdiyi dərs

Bu yarış bir daha göstərdi ki, 2026 mövsümü artıq təkcə sürət çempionatı deyil – Etibarlılıq, Strategiya, Psixoloji davamlılıq və hər həftəsonu eyni səviyyədə qalmaq.

Çempionu məhz bunlar müəyyən edəcək. Silverstoun bunu hamıya göstərdi. İndi isə növbə Spa-Frankorşamdadır. Orada da eyni sual cavab gözləyəcək: 2026-cı ilin ən sürətli komandası kimdir? Yoxsa hələ də belə bir komanda yoxdur?

Rauf Hacıyev

Şərh əlavə et