Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Fərqli tərzdə sürməliyəm

Mercedes komandasının pilotu Corc Rassell Belçika Qran Prisi öncəsi keçirilən mətbuat konfransında həftəsonunda komandaları gözləyən strateji çətinliklərdən danışıb.

Britaniyalı sürücü bildirib ki, Silverstoundan fərqli olaraq, Spa-Frankorşam trasının xüsusiyyətlərinə görə bütün komandalar demək olar ki, eyni enerji idarəetmə strategiyasından istifadə etməyə məcbur olacaq. Onun sözlərinə görə, bu da yarış ərzində ötmələri xeyli çətinləşdirəcək.

Corc Rassell: “Bu həftəsonu fərqli enerji idarəetmə strategiyaları görəcəyimizi düşünmürəm. Silverstoun kimi dörd uzun düzlüyün balanslı şəkildə yerləşdiyi traslarda enerjini müxtəlif düzlüklər arasında bölərək dövrə vaxtını eyni səviyyədə saxlamaq mümkündür. Amma Spada birinci döngəyə batareyanız tam dolu vəziyyətdə daxil olursunuz, beşinci döngəyə çatanda isə tamamilə boşalır. Eyni hal 14-cü döngədən 18-ci döngəyədək olan hissədə də yaşanır. Ona görə də hamı eyni strategiyanı tətbiq etməli olacaq. Yaponiyada olduğu kimi, hər kəs eyni enerji dövrəsində olacağı üçün düzlüklərdə ötmə etmək düşündüyümüz qədər asan olmaya bilər. Ən azı yarışdan əvvəl mənim fikrim budur”.

Rassell əlavə edib ki, telemetriya məlumatlarında harada vaxt itirdiyini dəqiq görə bilir. Lakin bunu tras üzərində tətbiq etmək psixoloji baxımdan heç də asan deyil: “Bu, kiminsə sizdən yanınızda duran Mona Liza tablosuna baxaraq onu çəkməyinizi istəməsinə bənzəyir. Bunu dərhal edə bilərsinizmi? Bəlkə də çox məşq etsəniz bacararsınız. Yeni güc qurğuları, yeni təkərlər və yeni bolidlər səbəbindən öz sürücülük üslubuma heç uyğun olmayan tənzimləmələrlə sürməyə məcburam. Bütün karyeram boyu istifadə etmədiyim tərzdə idarə etməli oluram və buna uyğunlaşmağa çalışıram.

Nə etməli olduğumu dəqiq bilirəm. Lakin bunu trasda tətbiq etmək tamam başqa məsələdir. Mən 20 ildir müəyyən bir üslubda sürürəm və indiyədək etdiklərim işləyirdi. İndi isə bunun nəticə verib-vermədiyi bəlli olmur. Adətən ən yaxşı performans göstərdiyim vaxtlarda sürmək barədə heç düşünmürdüm, hər şey şüuraltı şəkildə baş verirdi. İndi isə bu yeni texnikaları şüuraltıma yerləşdirmək üçün sükan arxasında daim düşünməli oluram. Əsl çətinlik də məhz bundadır. Şarl ilə də bu barədə danışmışıq. Bir gün inanılmaz dərəcədə rəqabətədavamlı olursan, ertəsi gün isə niyə geridə qaldığını anlamaq çox çətindir”.

Rauf Hacıyev

Şərh əlavə et