Xəbəri Kokpitdə Oxuyun!

C.Elkann: Bu qələbə Ferrari-nin bu günü və gələcəyi üçün vacibdir

Şarl Leklerin Britaniya Qran Prisində qələbəsi Ferrari üçün Formula 1-də 250-ci zəfər olub. Con Elkann bunu tarixi hadisə adlandırıb.

Ferrari prezidenti Con Elkann dünən Silverstounda olub və komanda üçün mühüm hadisəyə şahidlik edib.

Con Elkann: “Bu, Ferrari-nin 250-ci qələbəsidir və ilk qələbə də məhz burada, Silverstounda qazanılıb. Bu, bugünkü hadisənin təkcə tariximiz üçün deyil, daha da vacibi, Ferrari-nin bu günü və gələcəyi üçün nə qədər əhəmiyyətli olduğunu göstərir.

Şirkətimizdə hamı – yarışı əla keçirən Şarl Lekler və Lyuis Həmilton kimi möhtəşəm sürücülərimizdən tutmuş Maranellodakı bazada və burada, trasda çalışan bütün komanda əməkdaşlarına qədər – güclərini birləşdirərək işləyəndə böyük uğurlara imza ata bilirik!”

İtaliya mətbuatı həmçinin ACI-nin, İtaliyanın milli avtomobil klubunun prezidenti Ceronimo La Russanın sözlərini də sitat gətirib: “Bu, Ferrari rənglərinin üstünlük təşkil etdiyi möhtəşəm podium idi və onun ən yüksək pilləsinə Şarl Lekler qalxıb. O, həm istedadını, həm də qətiyyətini göstərərək yenidən əvvəlki səviyyəsinə qayıdıb. Lyuis Həmilton isə əsas fiqurlardan biri olaraq qaldığını bir daha sübut edib.

Amma sıralanma turunu və şənbə sprintini qazanan Kimi Antonellini də unutmayaq. Demək olar ki, Britaniya Qran Prisində tonu İtaliya müəyyən edirdi!..”

Gilanur Huseynova

Şərh əlavə et