Xəbəri Kokpitdə Oxuyun!

Britaniya F2: Tsolovdan ardıcıl üçüncü qələbə

Formula 2-də Silverstoun həftəsonunun əsas yarışı maraqlı hadisələrlə yadda qalıb. Campos Racing komandasının pilotu Nikola Tsolov ardıcıl üçüncü qələbəsini qazanaraq çempionatdakı liderliyini daha da möhkəmləndirib.

Yarış başlamazdan əvvəl gözlənilməz hadisə yaşanıb. Rodin Motorsport komandasının pilotu Martinius Stenshorn texniki nasazlıq səbəbindən start düzülüşünə çata bilməyib və onun 17-ci start yeri boş qalıb.

Pouldan Ferrari Sürücü Akademiyasının üzvü Rafael Kamara start alsa da, braziliyalı sürücü uğursuz start verib. Üçüncü yerdən başlayan Kuş Mayni liderliyə yüksəlib, beşinci yerdən start alan Nikola Tsolov isə ilk döngələrdə ikinci pilləyə qalxıb.

Mayni ilk dövrələrdə tempini artıraraq Tsolovdan iki saniyədən çox uzaqlaşa bilib. Beşinci dövrədə Kamara komandasından erkən pit-stop istəyib, lakin ona hələlik tempini qoruması tapşırılıb.

Mayni və Tsolov erkən pit-stop edən ilk liderlər olublar və trasa əvvəlki sıralamada qayıdıblar. Daha təzə təkərlərlə çıxan Tsolov dərhal hücumlara başlayıb və rəqibini təzyiq altında saxlamağa çalışıb.

Bu mərhələdə yarışa Rafael Villaqomes başçılıq edib. Onun arxasında Coşua Dürksen, üçüncü yerdə isə çempionatın əvvəlki lideri Qabriele Mini qərarlaşıb.

15-ci dövrədə Mayni səkkizinci yerdə gedən Kin Şildsi keçib. Bir dövrə sonra Tsolov da britaniyalı sürücünü geridə qoysa da, Mayni yenidən təxminən iki saniyə önə keçməyi bacarıb.

17-ci dövrədə Sebastyan Montoya arxa asılqanın sıradan çıxması səbəbindən mübarizəni dayandırıb.

20-ci dövrədə Tsolov Mayniyə çataraq ardıcıl hücumlara başlayıb. Bir neçə döngə davam edən gərgin mübarizədən sonra bolqar pilot 21-ci dövrədə məşhur Maggotts–Becketts döngələrində möhtəşəm ötmə ilə ikinci yerə yüksəlib.

Pit-stoplar tamamlandıqca Tsolov əvvəlcə üçüncü, daha sonra isə yarışın lideri olub. Həmin anda ən yaxın rəqibi Mayni artıq beş saniyədən çox geridə idi.

Son dövrələrdə Tsolov üstünlüyünü rahat şəkildə qoruyaraq finiş xəttini Rafael Villaqomesdən üç saniyədən çox öndə keçib. Gec pit-stopdan sonra təzə təkərlərlə irəliləyən Villaqomes ikinci olub, Kuş Mayni isə podiumun son pilləsini tutub.

Beləliklə, Red Bull gənclər proqramının üzvü Nikola Tsolov mövsümdə altıncı, ardıcıl isə üçüncü qələbəsini qazanıb. Qabriele Mini yalnız altıncı yeri tutduğu üçün Tsolov çempionatda üstünlüyünü 17 xala çatdırıb.

Sıra Pilot Komanda Vaxt Fərq Dövrə
1 Nikola Tsolov Campos Racing 51:22.101 29
2 Rafael Vilyaqomes Van Amersfoort Racing 51:25.334 +3.233 29
3 Kuş Maini ART Grand Prix 51:29.982 +7.881 29
4 Aleks Dann Rodin Motorsport 51:30.602 +8.501 29
5 Rafael Kamara Invicta Racing 51:31.133 +9.032 29
6 Qabriele Mini MP Motorsport 51:37.401 +15.300 29
7 Noel Leon Campos Racing 51:37.759 +15.658 29
8 Roman Bilinski DAMS Lucas Oil 51:39.321 +17.220 29
9 Coşua Dürksen Invicta Racing 51:39.533 +17.432 29
10 Tasanapol İntrafuvasak ART Grand Prix 51:49.154 +27.053 29
11 Dion Bennett Trident 51:51.239 +29.138 29
12 Dino Beqanoviç DAMS Lucas Oil 51:53.387 +31.286 29
13 Nik Varrone Van Amersfoort Racing 51:54.834 +32.733 29
14 Rio Miata Hitech 51:55.444 +33.343 29
15 Mari Boya Prema Racing 51:55.568 +33.467 29
16 Kolton Herta Hitech 51:55.855 +33.754 29
17 Laurens van Hupen Trident 51:57.370 +35.269 29
18 Oliver Göte MP Motorsport 51:57.532 +35.431 29
19 Kian Şilds AIX Racing 52:05.222 +43.121 29
20 Emerson Fittipaldi AIX Racing 52:06.646 +44.545 29
Çıxıb Sebastyan Montoya Prema Racing 29:16.731 Çıxıb 16
Start almayıb Martinius Stenşorn Rodin Motorsport Start almayıb 0

Rauf Hacıyev

Şərh əlavə et