Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Maşını hiss etməyə başladım

Ferrari komandasının pilotu Şarl Lekler Böyük Britaniya Qran Prisinin qalibi olub. Bu, monakolu sürücünün 2024-cü il ABŞ Qran Prisindən sonra qazandığı ilk qələbədir. 

Kokpit.az xatırladır ki, monakolu sürücü ikinci yerdən başladığı Britaniya yarışını qazanaraq, qələbə orucunu pozub.

Şarl Lekler: “İnanılmaz dərəcədə xoşbəxtəm! Düzünü desəm, yarışın sonluğu xəyal etdiyim kimi olmadı. Amma son həftəsonları mənim üçün çox çətin keçmişdi və belə bir qələbə qazanmaq çox önəmlidir.

Deyəsən, SF-26-nı yenidən düzgün hiss etmək üçün gördüyümüz bütün işlər nəhayət nəticə verdi. Dünən sprintdən sonra nəyinsə fərqinə vardım. Bu gün isə bunu təsdiqləməli idim və maşının davranışı həqiqətən də gözlədiyim kimi idi. Buna görə çox sevinirəm.

Monakodan sonra maşınla həmin hissləri yaşaya bilmirdim. Təsnifatın son sessiyasında qəza etdim, yarışda isə finişə çata bilmədim. Barselonada özümü yaxşı hiss edirdim, amma şənbə günü yenidən qəza etdim və bu, psixoloji vəziyyətimə təsir göstərdi. Bazar günü də texniki problemlərlə üzləşdik.

Avstriyada da işlərimiz yaxşı getmədi. Ancaq burada hər şeyi düzgün edə bildik. Ümid edirəm ki, bundan sonra da bu səviyyəni qoruyacağıq. Komandaya gördüyü möhtəşəm işə görə böyük təşəkkürümü bildirirəm.

Kimi Antonelli ilə mübarizə çox gərgin keçirdi. O, mənə sürətlə yaxınlaşırdı və liderliyi qorumaq çox çətin olacaqdı. Sonra onun problemlə üzləşdiyini eşidəndə düşündüm ki, artıq kifayət qədər üstünlüyüm var və hər şey rahat keçəcək.

Lakin yarışın sonunda təhlükəsizlik avtomobili trasa çıxdı. Dövrəvi pilotları ötürdüyümüz üçün onun arxasında cəmi 100-120 km/saat sürətlə hərəkət edirdik və təkərlərim tamamilə soyudu.

Buna görə mümkün restart barədə çox narahat idim. Azarkeşlər üçün belə sonluq maraqlı olmaya bilərdi, amma dəbilqənin altında sevinirdim ki, restart verilməyəcək və bu qələbəni əldən verməyəcəyəm. Bir sözlə, çox xoşbəxtəm!”

Rauf Hacıyev

Şərh əlavə et