Xəbəri Kokpitdə Oxuyun!

Britaniya GP: Lekler qalibdir, Antonelli yenə xalsız qaldı

Yarışdan əvvəl havanın temperaturu 24, asfaltın temperaturu isə 41 dərəcə ölçülüb.

Formasiya dövrəsi zamanı Fernando Alonso qısa müddətlik dayanıb. Bir qədər trasın kənarında gözlədikdən sonra Alonso boksa qayıdıb.

Pilotlar start düzlüyündə yerlərini aldıqdan sonra işıqlar sönüb və Silverstounda 52 dövrəlik mübarizə başlayıb.

Startda əla reaksiya verən Ferrari sürücüləri Kimi Antonellini geridə qoyaraq artıq ilk döngədən çıxarkən mövqe qazanıblar. Şarl Lekler liderliyə yüksəlib, Lyuis Həmilton isə ikinci yerdə komanda yoldaşını izləyib.

Dördüncü yerdə gedən Corc Rassell Antonelliyə hücum etməyə hazırlaşarkən Oliver Berman və Aleks Elbon təmas yaşayıblar. Hadisədən sonra  Elbon boksa qayıdıb, Berman isə 17-ci yerdə yarışa davam edib. Qısa müddət sonra Oskar Piastrinin ön qanadında problem yarandığı bildirilib və o da boksa yollanıb.

3-cü dövrədə Niko Hülkenberq qısa müddətlik bolidə nəzarəti itirərək trasdan çıxıb və 19-cu yerə geriləyib.

4-cü dövrədə Antonelli arxasındakı Rassellə fərqi 4 saniyəyə çatdırıb. Lider Lekler, ikinci yerdəki Həmilton və Antonelli arasında isə təxminən 1 saniyəlik fərq yaranıb.

5-ci dövrədə FIA hakimləri Rassellin startda vaxtından əvvəl hərəkət etdiyini araşdırmağa başlayıblar. Eyni məlumat Həmilton üçün də ekrana çıxıb. Bir qədər sonra Həmiltonun erkən start etdiyi təsdiqlənib və Ferrari pilotuna 5 saniyəlik cəza verilib.  Elbon isə Bermanla təmasa görə günahkar sayılaraq 10 saniyə cəza alıb.

8-ci dövrədə Antonelli Həmiltonla fərqi yarım saniyəyə endirib və ötmə fürsəti axtarmağa başlayıb. Lekler isə komanda yoldaşı ilə fərqi təxminən 3 saniyəyə çatdırıb.

10-cu dövrədə Rassell radio vasitəsilə ötürmələr zamanı qəribə hiss yaşadığını bildirib və sürətlər qutusunun yoxlanılmasını istəyib. Mercedes isə qısa müddət sonra hər şeyin qaydasında olduğunu təsdiqləyib.

11-ci dövrədə Antonelli fürsəti dəyərləndirərək start düzlüyündə Həmiltonu ötüb ikinci yerə yüksəlib. Bu anda Leklerlə fərq artıq 4 saniyə idi.

12-ci dövrədə Maks Ferstappen komandaya belə deyib: “İndiyə qədər heç nə demirdim, amma ötürmələri aşağı salanda bolid həqiqətən çox pis davranır”.

14-cü dövrədə beşinci yerdə gedən Ferstappen Rassellə fərqi təxminən 1 saniyəyə endirib. Antonelli isə Həmiltondan təxminən 1,5 saniyə uzaqlaşıb.

17-ci dövrədə Ferstappen Rasselli ötərək dördüncü yerə yüksəlib. Lakin Həmiltonun 5 saniyəlik cəzası nəzərə alınanda faktiki olaraq podium zonasına daxil olub. Ötmədən dərhal sonra Ferstappen boksa girərək yeddinci yerdə, Lando Norrisin arxasında trasa qayıdıb.

20-ci dövrədə Red Bull Ayzek Hacari də boksa çağırıb. Gənc pilot yarışa 10-cu yerdə qayıdıb. Lekler Antonelli ilə fərqi 3,5 saniyəyə çatdırarkən, Antonelli Həmiltondan artıq 9,5 saniyə öndə idi.

22-ci dövrədə tras üzərində çətir aşkarlandığı üçün qısa müddətlik virtual təhlükəsizlik avtomobili rejimi tətbiq olunub. Həmilton radio ilə sükan sistemində problem olduğunu bildirərək, “Bolid demək olar ki, dönmür”, – deyib.

24-cü dövrədə Həmilton boksa çağırılıb. Pilot təkərlərinin yaxşı vəziyyətdə olduğunu bildirsə də, Ferrari qərarını dəyişməyib. Pit-stop zamanı 5 saniyəlik cəza da icra olunub. Həmilton trasa Rassellin arxasında, altıncı yerdə qayıdıb. Norris isə üçüncü yerə yüksəlib.

25-ci dövrədə Lekler pit-stop edib və Antonelli liderliyə yüksəlib.

29-cu dövrədə Norris boksa girərək Hacarin arxasında, yeddinci yerdə trasa dönüb. Dövrənin sonunda Həmilton Rasselli ötərək dördüncü yerə yüksəlsə də, 30-cu dövrənin əvvəlində Rassell mövqeyini geri alıb. Sonrakı dövrələrdə onların mübarizəsi daha da gərginləşib.

30-cu dövrədə Həmilton təzyiqi artıraraq növbəti dövrədə Rasselli yenidən keçsə də, mövqeyini qoruya bilməyib. Rassell yenidən önə keçdikdən sonra fərqi artırmağa çalışsa da, Həmilton yenidən yaxınlaşıb.

Həmiltona qarşı müdafiə olunan Rassell eyni zamanda Ferstappenlə fərqi də azaldaraq üçüncü yer uğrunda şans axtarıb. 34-cü dövrədə niderlandlı pilotu ötməyə çox yaxın olsa da, Ferstappen trayektoriyasını uğurla qoruyub. Elə həmin dövrədə Rassell boksa çağırılıb. Pitə girməzdən əvvəl Ferstappenə daha bir hücum etsə də, yenə uğur qazana bilməyib.

Rassell pit-stop etdikdən sonra Həmilton Ferstappenlə mübarizəyə başlayıb. Onların arasındakı fərq qısa müddətdə yarım saniyəyə qədər enib, lakin Həmilton bir neçə dövrə ərzində ötmə cəhdi etməyib.

36-cı dövrədə Antonelli də boksa çağırılıb və Lekler yenidən liderliyə yüksəlib. Antonelli trasa Leklerdən 6 saniyə geridə, ikinci yerdə qayıdıb.

38-ci dövrədə Həmilton Ferstappeni ötərək üçüncü yerə yüksəlib. Hülkenberq bolidində yaranan problem səbəbindən trasın kənarında dayanıb və virtual təhlükəsizlik avtomobili rejimi elan olunub. Bu müddətdə Ferstappen və Həcər də pit-stop ediblər.

Virtual təhlükəsizlik avtomobilindən sonra, 42-ci dövrədə ikinci yerdə gedən Antonellinin bolidində problem yaranıb və o boksa qayıdıb. Ön qanadı dəyişdirilən Mercedes pilotu pit-stopdan sonra beşinci yerdə trasa dönsə də, problem tam aradan qalxmayıb və Norrisə də uduzub.

Antonellinin geriləməsi ilə Həmilton ikinci, Ferstappen isə üçüncü yerə yüksəlib.

43-cü dövrədə Antonellini Həcər də ötərək onu yeddinci yerə salıb. Mercedes pilotu yenidən boksa girib və sol ön təkərin işinə mane olan detal boliddən çıxarılıb. Antonelli trasa 10-cu yerdə qayıdıb.

45-ci dövrədə Lekler komanda yoldaşı ilə fərqi 20 saniyəyə çatdırıb. Antonelli bir daha pit-stop edib. Onuncu yerdə gedən pilot tras limitlərini pozduğuna görə 5 saniyəlik cəza alıb.

48-ci dövrədə dramatik hadisə yaşanıb. Podiumun son pilləsində irəliləyən Maks Ferstappen döngədə bolidinə nəzarəti itirərək qəza edib. Dördqat dünya çempionu baryerlərə çırpılmasa da, çınqıllığa çıxaraq yarışla vidalaşıb. Bundan sonra təhlükəsizlik avtomobili trasa daxil olub.

Təhlükəsizlik avtomobili dövrəsində lider Lekler də daxil olmaqla əksər pilot pit-stop edib. Trasda qalan Rassell son anda Həmiltonun önündə qalaraq ikinci yerə yüksəlib.

Ferstappenin bolidi trasdan çıxarıldıqdan sonra yarışın yenidən başladılması gözlənilsə də, bu baş verməyib və mübarizə təhlükəsizlik avtomobilinin arxasında başa çatıb. Damalı bayrağı ilk görən Şarl Lekler olub. Son pit-stopa girməyən Corc Rassell Lyuis Həmiltonu cüzi fərqlə qabaqlayaraq ikinci yeri tutub. Həmilton isə yarışı üçüncü pillədə başa vurub.

 

Rauf Hacıyev

Şərh əlavə et