Xəbəri Kokpitdə Oxuyun!

Kanada F2: Sprintdə Leon tarixə düşüb

Dünən Formula 2-nin sıralanma turundan danışarkən qeyd etmişdik ki, Kanadadakı mərhələ gənclər seriyası üçün sürprizlərlə zəngin ola bilər və bu sürprizlər həftəsonunun ilk günündən başlayıb.

Sıralanma turunun nəticələri müxtəlif pilotların aldığı cəzalar səbəbindən bir qədər dəyişdirilib, amma əsas mənzərə olduğu kimi qalıb: bazar günü əsas yarışa poul mövqeyindən Lorens van Hupen başlayacaq, şənbə sprintində isə ilk yerdən startı Qabriele Mini alıb.

Cəzaların əksəriyyəti pilotların sıralanma turu zamanı bir-birinə mane olması ilə bağlı olub və bunda təəccüblü heç nə yoxdur. Bir tərəfdən, Formula 2 pilotlarına xas gənclik emosiyaları var – nəticə qazanmaq istəyi bəzən onların trasda ətrafda baş verənlərə kifayət qədər diqqət ayırmamasına səbəb olur. Digər tərəfdən, Jil Vilnövv adına trasda onların hamısı ilk dəfə çıxış edirdi və Kanada trasının çətinliyini kiçiltmək olmaz. Təcrübə çatışmazlığı isə tez-tez səhvlərlə nəticələnir.

Bundan əlavə, ART komandasının taylandlı pilotu Tasanapol İntrafuvasak həftəsonunun qalan hissəsində iştirak etməyəcək. Bu, dünənki qəzanın nəticəsidir. Həkimlər ona yarışmağa icazə verməyiblər.

Start işıqları sönən kimi Mini əla start alıb və dərhal pelotondan uzaqlaşmağa çalışıb. Onun arxasında ilk döngələrdə bir neçə təmas yaşansa da, ciddi nəticə olmayıb.

İkinci yerdən start alan Rafael Vilyaqomes dərhal bir neçə mövqe itirib. Əvəzində Coşua Dürksen ikinci yerə yüksəlib, amma Noel Leon mövqeyini geri qaytara bilib. Dürksen əks-hücuma keçsə də, trasdan çıxaraq cəhdini uğursuz başa vurub və aktiv mübarizəni 4-cü dövrəyə qədər təxirə salmalı olub. Məhz həmin dövrədə onun hücumu uğurlu alınıb, amma Mini artıq fərqi iki saniyəyə yaxınlaşdırmışdı.

Pelotonun sonlarında Sebastyan Montoya üçün yarış uğursuz başlayıb. Şikanlardan birində maşını fırlanan keçmiş Formula 1 pilotunun oğlu sonuncu yerə qədər geriləyib.

7-ci dövrədə son döngənin çıxışında Leon Dürksendən daha qətiyyətli davranıb, düzgün trayektoriya seçərək daha yaxşı sürətlənmə hesabına rəqibini keçib və ikinci yerə qayıdıb.

Bir qədər sonra  Van Amersfoort Racing komandasının argentinalı pilotu Niko Varrone start prosedurunu pozduğuna görə dayan və get cəzası alıb və dərhal boksa yönəlib.

Növbəti dövrədə sarı bayraqlar dalğalanıb və trasa təhlükəsizlik maşını çıxıb. Buna səbəb 10-cu döngənin sancaq hissəsində Con Bennett, Martinius Stenshorn və Nikola Tsolov arasında yaşanan insident olub. Nəticədə britaniyalı pilotun maşını fırlanıb, mühərrik dayanıb və bolid yol kənarında qalıb. Digər iki pilot isə yarışa davam edib. Bununla belə, Campos Racing pilotu və Red Bull gənclər proqramının üzvü Tsolovun Dallara bolidinin ön qanadı zədələnib.

Təbii ki, Qabriele Mininin üstünlüyü yoxa çıxıb. 15-ci dövrədə verilən restart zamanı ilk altılıq belə olub: Mini lider idi, ardından Leon, Dürksen, Vilyaqomes, Stenshorn və Tsolov gəlirdi.

Restartda Noel dərhal hücuma keçib, Mininin bolidi ilə yanaşı gəlib, amma italiyalı pilot təzyiq qarşısında geri çəkilməyərək liderliyi qoruyub. Demək olar ki, dərhal Dürksenin Vilyaqomeslə insidentə görə cəza aldığı açıqlanıb. Maraqlıdır ki, bu elan məhz həmin iki pilotun yenidən mövqe uğrunda mübarizə apardığı anda verilib.

Növbəti dövrədə onların olduğu qrupda mövqe dəyişiklikləri yaşanıb: Vilyaqomes üçüncü yerə yüksəlib, Dürksen isə bir neçə pillə itirərək beşinci yerə geriləyib. Ardınca Aleks Dann Coşuanın maşınına toxunaraq onu fırladıb. Hissələr müxtəlif istiqamətlərə dağılıb və 2 nömrəli sarı Dallara tras kənarında dayanıb.

Dürksen radio vasitəsilə açıq sarkazmla Danna “belə manevr” üçün təşəkkür edib.

Təhlükəsizlik maşını yenidən trasa çıxıb, amma sarı bayraqlara səbəb olan insidentdən cəmi saniyələr əvvəl Leon Minini keçərək yarışın yeni liderinə çevrilmişdi. Eyni vaxtda stüardların qərarı da açıqlanıb: Dann Dürksenlə toqquşmaya görə 10 saniyə cəza alıb. Bununla da bitməyib. Belə ki, Bennettlə insidentə görə Tsolovun nəticəsinə də 10 saniyə əlavə olunacağı bildirilib.

Restartdan sonra Noel Leon çox ağıllı şəkildə yarışıb. O, Minidən daha yaxşı sürətlənib və qısa zamanda fərqi üç saniyədən çoxa çatdırıb. Amma növbəti dövrədə trasda iki insident birdən baş verib: Vilyaqomes səhvə yol verərək 4-cü döngənin çıxışında maşını divara çırpıb, pelotonun arxalarında isə Kin Şilds və Varrone toqquşub. Britaniyalı pilot yarışı dayandırmalı olub.

Qısa müddətlik virtual təhlükəsizlik maşını rejimi tətbiq edilib, amma finişə cəmi iki dövrə qalmışdı. Leon artıq dörd saniyəyə yaxın üstünlüklə lider idi və damalı bayrağı ilk görən pilot olub. Beləliklə, o, Formula 2 yarışını qazanan ilk meksikalı sürücü kimi tarixə düşüb.

İkinci yeri Qabriele Mini tutub, podiumun son pilləsinə isə Martinius Stenshorn yüksəlib. Kolton Herta isə ilk səkkizliyə çox yaxın olub. O, Dann və Tsolovun cəzalarından sonra 19-cu yerdən start aldığı yarışda 9-cu yerə qədər yüksəlib.

Yeri gəlmişkən, Mini ikinci yerlə çox da məyus olmayıb, çünki çempionatda yeni liderə çevrilib. Təbii ki, qələbə onu daha çox sevindirərdi, amma MP Motorsport pilotu artıq 8 xal qazanıb və sabah özünü göstərmək üçün daha bir şansı olacaq. Üstəlik, bugünkü təcrübədən mütləq nəticə çıxaracaq. Maraqlıdır ki, sprintdə onun əsas rəqiblərindən heç biri xüsusi fərqlənə bilməyib.

Rauf Hacıyev

Şərh əlavə et