Xəbəri Kokpitdə Oxuyun!

MotoGP Fransa: Zarko vətənində şou göstərib

MotoGP üzrə Fransa Qran Prisinin əsas məşq sessiyasınıda ən diqqətçəkən sürücü Yohan Zarko olub.

Əfsanəvi Le Man trasındakı sessiyadan əvvəl havanın temperaturu 21 dərəcə, asfaltın temperaturu isə 31 dərəcə olaraq ölçülüb. Hava parçalı buludlu olub.

Startın verilməsi ilə birlikdə bir saatlıq əsas məşq sessiyası başlayıb və sürücülər trasa çıxıblar.

Marko Bezzekki ilk dövrələrdə 1:31.841 nəticə göstərərək müvəqqəti liderliyə yüksəlib. İlk dövrədə uğursuz qəza yaşayan Xorxe Martin çınqıl zonasına çıxıb. Motosikletində yüngül zədə yarandığı üçün pitə qayıdıb. Qısa müddətli sarı bayraqdan sonra sessiya davam edib.

Pedro Akosta 1:30.792 nəticə ilə ilk pilləyə yüksəlib. Növbəti dövrəsində isə 1:30.760 nəticə göstərərək vaxtını daha da yaxşılaşdırıb.

15-ci dəqiqədə Xorxe Martin yenidən trasa qayıdıb və əvvəlcə 1:34.645 nəticə göstərib. Daha sonra isə 1:31.316 nəticə ilə 10-cu pilləyə yüksəlib.

Sessiyanın 20-ci dəqiqəsində Fermin Aldeqer 3-cü döngədə ciddi qəza keçirib. Motosiklet tam yatıq vəziyyətdə olarkən uzun məsafə sürüşən sürücü çınqıl zonasına çıxıb və daha sonra pitə dönüb.

Sessiyanın ikinci yarısında Fabio Di Cianantonio 1:30.739 nəticə ilə Pedro Akostanı geridə qoyaraq liderliyə yüksəlib.

Daha sonra hər kəsi təəccübləndirən hadisə yaşanıb. Raul Fernandesin Aprilia motosikleti arxa təkər hissəsindən alovlanmağa başlayıb. Fernandes son dərəcə soyuqqanlı davranaraq motosikleti təhlükəsizlik əməkdaşlarının rahat müdaxilə edə biləcəyi yerə qədər aparmağı bacarıb. O, 8-ci döngənin çıxışında motosikletdən təhlükəsiz şəkildə düşüb və vəziyyət nəzarət altına alınıb.

Son 15 dəqiqəyə girilərkən Yohann Zarko 1:30.500 nəticə ilə liderliyə yüksəlib. Ardınca isə 1:30.197 nəticə göstərərək vaxtını yaxşılaşdırıb və fransız azarkeşlər onu ayaqüstə alqışlayıblar.

İkinci pillədə yer alan Pedro Akosta da 1:30.404 nəticə ilə vaxtını yaxşılaşdırıb. Akosta növbəti dövrədə bütün sektorları ən yaxşı nəticə ilə keçərək liderliyə doğru irəliləyərkən sərt qəza edib və sarı bayraq dalğalanıb. Bundan sonra Bezzekki və Oqura da yaxşı gedən dövrələrini yarımçıq saxlamağa məcbur olublar.

Son 10 dəqiqədə sürücülər tempini artırıblar. Xoan Mir sürpriz şəkildə 1:30.092 nəticə ilə liderliyə yüksəlsə də, bu uzun çəkməyib. Françesko Banyaya 1:30.045 nəticə ilə önə keçib. Mark Markes də güclü dövrə ilə ilk beşliyə daxil olmağı bacarıb.

Aleks Rins də yüksək temp göstərərək üçüncü pilləyə qədər yüksəlib.

Son dəqiqələrdə Aleks Markes Banyaya ilə eyni nəticəni göstərərək ikinci pilləyə yerləşib. Ardınca Fabio Di Cianantonio 1:29.917 nəticə ilə yenidən ən sürətli vaxtı müəyyənləşdirib. Lakin Yohann Zarko 1:29.907 nəticə ilə liderliyi geri alıb.

Banyaya son cəhdində döngəyə gec əyləclə girib və bu qəza ilə nəticələnib. Çınqıl zonasına çıxan sürücünün qəzasından sonra sarı bayraq göstərilib və Mark Markes də dövrəsini ləğv etməli olub.

Ardıcıl ən sürətli dövrələrin və böyük həyəcanın yaşandığı əsas məşq seansının sonunda Yohann Zarko lider olub. Fabio Di Cianantonio ikinci, Françesko Banyaya üçüncü yeri tutub.

MotoGP Fransa Qran Prisi – Əsas məşqlərin nəticələri

Sıra Sürücü Komanda Dövrə Zaman Fərq
1 J. Zarco Team LCR 23 1:29.907
2 F. Di Giannantonio Team VR46 23 1:29.917 +0.010
3 F. Bagnaia Ducati Team 22 1:30.045 +0.138
4 A. Marquez Gresini Racing 26 1:30.045 +0.138
5 J. Mir Repsol Honda Team 27 1:30.092 +0.185
6 J. Martin Aprilia Racing Team 23 1:30.128 +0.221
7 M. Bezzecchi Aprilia Racing Team 28 1:30.177 +0.270
8 A. Rins Yamaha Factory Racing 21 1:30.195 +0.288
9 A. Ogura Trackhouse Racing Team 25 1:30.196 +0.289
10 P. Acosta Red Bull KTM Factory Racing 21 1:30.196 +0.289
11 E. Bastianini Tech 3 24 1:30.274 +0.367
12 B. Binder Red Bull KTM Factory Racing 26 1:30.288 +0.381
13 M. Marquez Ducati Team 24 1:30.371 +0.464
14 R. Fernandez Trackhouse Racing Team 22 1:30.417 +0.510
15 J. Miller Pramac Racing 26 1:30.428 +0.521
16 L. Marini Repsol Honda Team 25 1:30.463 +0.556
17 F. Quartararo Yamaha Factory Racing 27 1:30.469 +0.562
18 F. Morbidelli Team VR46 24 1:30.670 +0.763
19 D. Moreira Team LCR 22 1:30.723 +0.816
20 T. Razgatlıoğlu Pramac Racing 20 1:31.328 +1.421
21 F. Aldeguer Gresini Racing 17 1:31.434 +1.527
22 J. Folger Tech 3 21 1:32.450 +2.543

Rauf Hacıyev

Şərh əlavə et