Sepanqda keçirilən sprint yarışı öncəsi bütün pilotlar həm ön, həm də arxa təkərlərdə yumşaq tərkibə üstünlük veriblər.
Startdan əvvəl havanın temperaturu 35°C, trasın temperaturu isə 51°C olub. Beş qırmızı işığın sönməsi ilə mübarizə başlayıb. Poul mövqeyindən start götürən Aleks Markes liderliyini qoruyub.
İkinci yerdən başlayan qardaşı Mark Markes yaxşı start alsa da, Pedro Akosta ona çatıb və ikili trasda təkər-təkərə mübarizəyə başlayıb. Bu mübarizədən sonra Mark Markes dördüncü yerə geriləyib, Ay Oqura isə ikinci pilləyə yüksəlib.
Arxa sıralarda Bred Binder startda altı mövqe qazanaraq doqquzuncu yerə yüksəlib.
İkinci dövrədə havanın buludlanması ilə ağ bayraqlar dalğalanıb və pilotlara motosikletlərini dəyişməyə icazə verilib. Növbəti dövrədə liderlik edən Aleks Markes 14-cü döngədə qəza edib. Nəticədə sprint yarışında liderliyi Ay Oqura ələ keçirib.
İker Lekuona, Joan Mir və Franko Morbidelli sprintin ortalarında motosiklet dəyişmək üçün pitə daxil olan ilk pilotlar olublar.
Damalı bayrağın dalğalanmasına üç dövrə qalmış Pedro Akosta Ay Oquraya hücum edərək liderliyə yüksəlib. Oquranın temp itirməsindən istifadə edən Mark Markes də uğurlu ötmə manevri ilə ikinci yerə çıxıb.
10 dövrədən ibarət sprint yarışının qalibi Pedro Akosta olub. Mark Markes ikinci, Marko Bezzekki isə üçüncü yeri tutaraq podiumu tamamlayıb.
Ay Oqura dördüncü, Fabio Di Cianantonio beşinci, Françesko Banyaya isə altıncı olub. İlk səkkizliyi Bred Binder və Enea Bastianini tamamlayıblar.




Şərh əlavə et