Malayziyada start işıqlarının sönməsi ilə pilotlar pit-leynindən trasa çıxıb və bir saatlıq məşq sessiyası başlayıb.
İlk dövrələr motosikletlərin sazlanmasını yoxlamaq və döngələrin xüsusiyyətlərini öyrənmək üçün istifadə olunub. Pelotonun əksər üzvləri Soft təkərlərlə trasa çıxsa da, Maverik Vinales, Bred Binder, Auqusto Fernandes, Ai Oqura və Mark Markes arxa təkərdə Medium tərkibə üstünlük veriblər. Startdan təxminən beş dəqiqə sonra ilk sürətli dövrələr qeydə alınıb.
Yohan Zarko sürətli dövrəsi ilə liderliyə yüksəlib. Mark Bezzekki isə 1:58.174 nəticə ilə ikinci yerdə qərarlaşıb. Sonrakı dövrələrdə Aleks Markes qısa müddətə birinci pilləyə qalxsa da, Fabio Di Canantonio 1:57.982 nəticə ilə ən sürətli dövrəni vuraraq tempə nəzarəti ələ alıb.
Xorxe Martin 12-ci döngənin xarici trayektoriyasında bir qədər sürətli olub. Motosikleti əyilmiş vəziyyətdə olarkən idarəetməni itirmək təhlükəsi ilə üzləşsə də, son anda tarazlığını bərpa edərək qəzadan yayınıb.
Görüntülərə düşməsə də, Cek Millerin 4-cü döngədə yıxıldığı barədə məlumat verilib. Özünü yaxşı hiss edən pilot motosikletini özü itələyərək boksa aparıb.
Sessiyanın ilk rübü geridə qaldıqda Mark Markes də daxil olmaqla bütün pilotlar yumşaq təkərlərə keçiblər.
Yeni Soft təkərlərlə sürətli dövrəyə başlayan Mark Markes son sektorda ön təkərin ilişməsini itirib və çınqıllı təhlükəsizlik zonasına çıxıb. İspaniyalı pilot öz gücü ilə ayağa qalxıb, motosikletini də qaldırıb və tras əməkdaşlarının köməyi ilə boksa qayıdıb.
Mark Markes qısa müddət sonra yenidən trasa çıxıb. Bu arada Martinin məşq sessiyasının qalan hissəsində iştirak etməyəcəyi açıqlanıb. Aprilia-nın məlumatına görə, pilotun fizioterapevti doktor Anxel Çarte onun bərpa prosesi üçün bir qədər vaxta ehtiyacı olduğunu bildirib.
Sessiyanın ikinci yarısında ən sürətli Yamaha pilotu olan Fabio Kuartararo nəticəsini yaxşılaşdırmağa çalışsa da, rəqabətədavamlı dövrə vura bilməyib. Mark Markes isə 1:58.731 nəticə göstərsə də, səkkizinci pillədən yuxarı qalxa bilməyib.
Dieqo Moreyra 1:57.913 nəticə ilə Fabio Di Canantonionun göstəricisini geridə qoyaraq liderliyə yüksəlib. Lakin Mark Markes qısa müddət sonra sürətini artıraraq 1:57.000 nəticə göstərib. Pedro Akosta 1:57.380-lə ikinci, Enea Bastianini isə 1:57.545-lə üçüncü yeri tutub.
Son 10 dəqiqəyə daxil olarkən Bezzekki 1:57.475 nəticə ilə üçüncü pilləyə yüksəlib. Aleks Markes 1:57.584-lə altıncı, Fabio Di Canantonio isə 1:57.506 nəticə ilə dördüncü yerdə qərarlaşıb.
Aleks Markes növbəti cəhdində nəticəsini 1:57.109-a çatdıraraq qardaşından sonra ikinci pilləyə yüksəlib.
Sessiyanın son beş dəqiqəsində Bastianini döngəyə daxil olarkən yıxılıb. Çınqıllı zonaya düşməyən pilot döngənin xarici trayektoriyasında təhlükəli vəziyyətdə qalsa da, qısa müddət sonra ayağa qalxıb.
Onuncu yerdə olan Ai Oqura 1:57.167 nəticə ilə üçüncü pilləyə yüksəlib. Bir qədər sonra Zarko 7-ci döngədə qəzaya uğrayıb və ayağı motosikletin altında qalıb. Françesko Banyaya isə birinci döngədə yıxılaraq boksa qayıdıb.
Damalı bayrağı dalğalandıqdan sonra heç kim nəticəsini yaxşılaşdıra bilməyib və sessiya Mark Markesin liderliyi ilə başa çatıb.




Şərh əlavə et