Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen yenilikləri bəyənmir

Maks Ferstappen mövsümün ilk mərhələsi olan Avstraliya Qran Prisində 6-cı yeri tutub. Dördqat dünya çempionu yeni nəsil bolidlərdə mübarizənin ona çox da xoş gəlmədiyini bildirib.

Onun komanda yoldaşı Ayzek Hacar isə güc qurğusunun nasazlığı səbəbindən 10-cu dövrədə yarışı dayandırıb.

Maks Ferstappen (6-cı yer): “Mənə bu yarış çox da xoş gəlmədi. Bəli, ötmələr maraqlı görünürdü, amma mənim vəziyyətimdə bu, sadəcə məndən iki saniyə yavaş olan maşınları keçmək idi. Əslində mən sadəcə trafiki yararaq irəliləyirdim.

Bəlkə qəribə səslənir, lakin mən bunu belə görürəm. Bu, trasda tam ədalətli mübarizə deyil. Mən sadəcə mümkün qədər təmiz şəkildə keçməyə və öz tempimi tapmağa çalışırdım. Bir müddətdən sonra orta qrupdakı bütün maşınları keçib irəlilədim, ancaq təkərlərin deqradasiyası çox yüksək idi. Təkərlər güclü şəkildə dənələndi və bu da yarışın qalan hissəsinə təsir etdi.

Biz düşünürdük ki, Hard təkərlər daha yaxşı işləyəcək, amma təəssüf ki, bu tərkib nədənsə gözlədiyimiz kimi işləmədi.

Mercedes sürücülərinin bütün traslarda sürətli olacağını düşünürəm. McLaren barədə isə dəqiq bir şey demək çətindir. Bəhreyndə onlar çox sürətli görünürdü, ona görə vəziyyət trasdan trasa dəyişə bilər. Açığı, bizim maşın sürət baxımından üçüncü və ya dördüncü olsa belə, bu artıq böyük fərq yaratmır.

Biz zirvəyə qayıtmaq istəyirik və bu istiqamətdə addım-addım irəliləməyə çalışacağıq. Ümid edirəm ki, mövsüm ərzində hazırda olan fərqi azalda biləcəyik”.

Ayzek Hacar (yarışı dayandırıb): “Düşünürəm ki, problem mühərriyin çox qızması və batareyanın boşalması idi. Mühərriyin səsi çox pis idi və mən başa düşürdüm ki, gec-tez partlayacaq. Təəssüf.

Starta qədər bütün prosedurları ideal şəkildə yerinə yetirmişdim, hər şey yaxşı gedirdi.”

Rauf Hacıyev

Şərh əlavə et