Xəbəri Kokpitdə Oxuyun!

F3 sprint – Bruno del Pino qalibdir

Melburnda keçirilən Formula 3 şənbə sprint yarışının qalibi Bruno del Pino olub. Yarış planlaşdırılan 20 dövrə əvəzinə cəmi 7 dövrə davam edib.

Şənbə səhəri gənclər seriyasının iştirakçılarını günəşli hava və +20°C temperatur qarşılayıb. Poul mövqeyinin sahibi Bruno del Pino startı çox yaxşı alıb və liderliyini qoruyub. Enzo Delinyi ikinci yerdə qalıb, Brando Badoer isə üçüncü yer uğrunda mübarizədə Noah Stromstedi qabaqlayıb.

İkinci dövrənin 12-ci döngəsində Mattia Kolnanyi fırlanaraq çınqıllığa çıxıb. MP Motorsport sürücüsü yenidən trasa qayıtsa da, ilk onluqdakı mövqeyini itirib.

Beşinci dövrədə Hugo Ugochukwu 9-cu döngədə Nikola Lakorteni keçərək 9-cu yerə yüksəlib. Növbəti dövrədə Lakorte Freddi Sleyteri də buraxaraq 11-ci yerə düşüb, bir dövrə sonra isə onu Teofil Nael də qabaqlayıb.

8-ci dövrədə isə Prema komandasının iki sürücüsü Ceyms Vorton və Lyuis Şarp 5-ci döngədə 7-ci yer uğrunda mübarizə zamanı toqquşublar. Sürücülər xəsarət almayıblar, lakin hər iki bolid baryerə çırpılıb və tras qırıntılarla dolub. Bu səbəbdən əvvəlcə təhlükəsizlik avtomobili daxil olub, daha sonra isə baryerin bərpası üçün qırmızı bayraqlar göstərilib.

Təmir işləri uzandığı üçün və Formula 1-in üçüncü məşqinə az vaxt qaldığından yarışın yenidən başladılmaması qərara alınıb.

Nəticələr 7 dövrənin yekununa görə qeydə alınıb və yalnız ilk beş sürücü yarım xal qazanıb:

  1. Bruno del Pino – 5 xal
  2. Enzo Delinyi – 4 xal
  3. Brando Badoer – 3 xal
  4. Noah Stromsted – 2 xal
  5. Kato – 1 xal

Rauf Hacıyev

Şərh əlavə et