Məsələn, start zamanı Franko Kolapinto möcüzə nəticəsində Liam Lousonun maşınından yayınmağa nail olub. Belə ki, güc qurğusundakı nasazlıq səbəbindən Lousonun bolidi startda dərhal hərəkətə keçə bilməyib.
Görünür, məşqlərdə, sıralanma turunda və yarışdan əvvəl Maks Ferstappen, Kimi Antonelli və Oskar Piastrinin qəzaları da müəyyən dərəcədə bolidin bəzi sistemlərinin qeyri-adi və ya gözlənilməz davranışı ilə bağlı olub. McLaren komandasının sürücüsü Piastri səhvin böyük hissəsinin özünə aid olduğunu etiraf etsə də, start düzülüşünə gedərkən baş verən insidentin bir neçə amilin üst-üstə düşməsi nəticəsində yarandığını vurğulayıb.
Formula 1-in keçmiş rəhbərlərindən olan Berni Ekklstoun 95 yaşında olsa da, çempionatda baş verənləri hələ də diqqətlə izləyir və narahatlığını gizlətmir: “Yaxın vaxtlarda həqiqətən ciddi bir qəza baş verəcək. Batareyaların yenidən doldurulduğu mərhələdə sürət fərqi çox böyük olur. Bu zaman düzlüklərdə bəzi maşınlar xeyli yavaşıyır və arxadan gələn sürücü bunu gözləməyə bilər. Belə vəziyyətdə çox xoşagəlməz insident qaçılmaz ola bilər. Ümid edirəm ki, bu dəfə yanılıram və proqnozum doğrulmaz”.
Avstraliya Qran Prisində finişə çatan Cadillac komandasının yeganə sürücüsü Serxio Peres də yeni nəsil maşınlarla bağlı fikirlərini bölüşüb. O, yarışda finiş görsə də, liderdən üç dövrə geri qalıb: “Bu, 2024-cü ilin sonunda ayrıldığım Formula 1 deyil. Biz yeni komandayıq, ona görə səbirli olmalı və işləməyə davam etməliyik. Sonra görəcəyik hadisələr necə inkişaf edəcək. Amma əvvəlki nəsil maşınların sükanı arxasında özümü daha rahat hiss edirdim”.




Şərh əlavə et