Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Çox iş görməliyik

Avstraliyada keçirilən yarış həftəsonunun ilk günündə Red Bull Racing texniki problemlərdən qaça bilməyib. Buna baxmayaraq, Maks Ferstappen və Ayzek Hadar nikbin qalırlar.

Kokpit.az xatırladır ki, niderlandiyalı sürücü Melburndakı ikinci sərbəst yürüşlərdə mexaniki problemlə üzləşib və vaxt itkisinə məruz qalıb.

Maks Ferstappen (6-cı): “Birinci məşqdə kifayət qədər çox dövrə vurdum, ikinci sessiyada isə bəzi problemlərlə üzləşdim. Komanda bolidin sazlamalarını tapmaq üzərində işləyir, amma təkərlərdə ilişmə çatışmırdı və hətta çınqıllığa da çıxmalı oldum.

Nəticədə günü tam təmiz proqramla başa vura bilmədik. Lakin temp baxımından təxmin etdiyim yerdəyik. Hələ çox iş görməliyik. Şənbədən əvvəl nəyin işlədiyini və nəyin yaxşılaşdırıla biləcəyini analiz edəcəyik. Hazırda vəziyyət belədir”.

Ayzek Hacar (9-cu): “Mövsümün ilk sessiyası yaxşı keçdi. Güc qurğusu kifayət qədər etibarlı işləyirdi və gün ərzində heç bir problem yaratmadı.

İkinci məşqdə enerji verilməsində kiçik problemlər yarandı, buna görə də dövrələri stabil vaxtla vurmaq çətin idi. İlk gün nadir hallarda problemsiz keçir, ancaq biz məsələni araşdırıb şənbəyə qədər həll tapacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et