Pirelli şirkəti Las-Veqasdakı təkər performansından razı qalıb. Belə ki, ötən il güclü dənlənmə səbəbindən iki pit-stop məcburi idisə, bu dəfə demək olar ki, bütün pilotlar bir pitlə yarışı başa vurublar.
Pirelli Motorsport-un direktoru Mario İzola bildirib: “Las-Veqasdakı gecə yarışı gözləntilərə tam uyğun keçib. Pilotlar Medium və Hard tərkibli təkərlərlə yarışı cəmi bir pit-stopla qət ediblər. Bir neçə maşının əsasən ön oxunda cüzi dənlənmə müşahidə olunub.
Həlledici amil trasın vəziyyəti olub. Yarış günü asfalt cümə gününə nisbətən xeyli təmiz idi. Ötən il pilotlar eyni temperaturda məhz dənlənmə səbəbindən iki pit-stop etməyə məcbur qalmışdılar, bu il isə təkərləri xüsusi qorumağa ehtiyac duymadan stintləri uzada biliblər. Bu da mövcud tərkiblərin mexaniki xüsusiyyətlərinin daha yaxşı olduğunu bir daha göstərib və bunu mövsüm ərzində görmüşük.
Startdan qısa müddət sonra liderliyə yüksələn Maks Ferstappenin qələbəsi mövsümün sonunu və titul uğrunda mübarizəni son dərəcə gərgin edib”.




Şərh əlavə et