Kokpit.az bildirir ki, Bred Binder günü birinci yerdə bağlayıb. Üçüncü yeri isə Xorxe Martin tutub. Tech 3 KTM sürücüsü Pedro Akosta quru havada keçən ikinci sərbəst yürüşlərdə dördüncü olması isə onu göstərib ki, bu həftəsonu qələbə uğrunda mübarizədə Ducati tək deyil. KTM motosikletləri bu trasda vacib olan maksimum sürətdə Ducati ilə mübarizə apara bilib.
Səkkizqat Dünya Çempionu Mark Markes isə 1.43.436 zaman nəticəsi ilə Bred Binderdən 0.033 saniyə geridə qalıb və ikinci olub. Üçüncü yeri Martin, yeddinci yeri Françesko Banyaya tutublar.
Hazırda Sürücülər Çempionatında üçüncü olan Enea Bastyanini sessiyanın ortasında yüksək sürətlə gedərkən motosikletin ön tərəfini itirib və qəza edib. Ancaq o qəzadan yaralanmadan qurtula bilib. Lakin onun motosikleti çınqıllıqda yuvarlanaraq, ciddi zədə alıb. Buna baxmayaraq, Enea sessiya bitmədən yenidən trasa çıxa bilib və beşinci yeri tutaraq, sabahkı sıralanma turuna birbaşa ikinci sessiyadan başlamaq haqqı qazanıb.
Aprilia komandasından Maverik Vinyales günü altıncı, Aleks Markes 8-ci bağlayıblar. İlk onluğu isə VR46 sürücüləri – Fabio di Canantonio və Marko Bezzekki bağlayıblar.
Son dəfə tam zamanlı sürücü kimi vətənində çıxış edən Takaqi Nakaqami isə LCR Honda ilə son dəqiqə qədər 10-cu olsa da, sessiya bitənə qədər 12-ci yerə yuvarlanıb. Cek Miller isə KTM-in sürətindən faydalana bilməyib. O, bitimə beş dəqiqə qalmış qəza edərək, günü 11-ci yerdə bağlayıb.
Franko Morbidelli və Fabio Kuartararo isə müvafiq olaraq 13 və 14-cü yerlərdə qərarlaşıblar.
Şərh əlavə et