Kokpit.az bildirir ki, layihə Azərbaycan Avtomobil Federasiyasının dəstəyi və Azərbaycan Dövlət Turizm Agentliyi ilə Bakı Alov Qüllələri Kompleksinin rəsmi tərəfdaşlığı ilə gerçəkləşdirilib.
Layihə “Odlar Yurdu” adı ilə tanınan ölkəmizin Alov Qüllələrinin simasında paytaxtımızın möhtəşəm memarlıq nümunələrini və tarixi mədəniyyətini tanıtmağı hədəfləyib.
Yaan Ruz ən hündür nöqtəsi 183 metr olan bu sleklayn üçbucağında 200, 135 və 135 metr uzunluğundakı üç müxtəlif səviyyəli sleklayn üzərində gəzib. O, ilk gedişini günəşin çıxması ilə səhər saatlarında həyata keçirib. Daha sonra bu gedişi gün batımı və gecə vaxtı təkrarlayıb.
Bu, onun karyerasında etdiyi ən qeyri-adi sleklayn layihələrindən biri olub. Belə ki, Bakı küləyi, şəhərin səsləri və işıqları ilə birlikdə sleklaynın müxtəlif səviyyələrdə olması Yaan üçün bu gəzintini daha da mürəkkəbləşdirdi. Gecə saatlarında Alov Qüllələrinin işıqları Azərbaycan bayrağından alovlara keçəndə Yaan sleklaynın ortasında idi. Bu anın atlet üçün vizual çətinlik yaratması gözlənilsə də sonrakı müsahibəsində Yaan, alov işıqlarının ona rahatlıq hissi verdiyini bildirdi.
“Bu layihə indiyə qədər etdiyim sleklayn gəzintilərindən seçilir. Adətən, mən bir sleklayn üzərində gəzirəm. Amma indi qarşımda Alov Qüllələrinin arasında gəzəcəyim üç sleklayn var idi. Bu sleklaynların uzunluqları fərqli idi, ən qısası135 metr, ən uzu isə 200 metrə qədər idi. Eyni zamanda sleklaynlar fərqli bucaqlarda idi, buna görə də mən həm üzü yuxarı, həm də üzü aşağı istiqamətdə gəzdim. Bina şüşələrinin əksi isə mənə çox mane olurdu, çünki bu binalar qeyri-standart formadadır.
Alov Qüllələri arasında gecə sleklaynda gəzmək gündüz və ya səhər erkən gəzintisindən tamamilə fərqli oldu. Normalda binalarda işıqlar stabil yanır, amma bu binalarda işıqlar dəyişir və üstəlik vizual effektlər yaradır. Gəzinti zamanı işıqlar dəyişir. Gəzintinin ortasında işıqlar bayraqdan alova çevrildi və o an mənim üçün çox rahatladıcı oldu. Bunun vizual maneə yaradacağını düşünürdüm. Amma əksinə, gecə gəzintisi çox sakit oldu. Şəhər qaranlıqdır, amma binalar parıldayır, bir az külək var idi, amma mənim üçün qaranlıqda gəzmək daha rahat oldu”, – deyə Yaan sleklaynı bitirdikdən sonrakı müsahibəsində bildirib.
Şərh əlavə et