Xəbəri Kokpitdə Oxuyun!

Yamaha 2024-cü il motosikletini təqdim edib

Yamaha komandası 2024-cü il motosikletini təqdim edib.

Kokpit.az bildirir ki, yeni motosikletin rəng çaları rəsmi olaraq təqdim edilib. Motosiklet mavi-qara rənglərdən ibarətdir. Əsas hissə mavidir və bəzi hissələr qara rəngdədir və motorun üzərində Monster loqotipi var.

Keçən il Yamaha üçün çətin keçmişdi. Buna görə də yaponlar bu il yenidən güclənməyə ümid edirlər. Yamaha keçən il Fabio Kuartararo ilə sadəcə 3 podium görə bilmişdi. Franko Morbidellinin ən yaxşı nəticəsi isə dördüncülük olmuşdu.

Yamaha uzun müddətdir 2024-cü il motosikleti üzərində işləsə də, müsbət rəylər yox idi. Kuartararo M1-in yeni aerodinamikasından razı qalsa da, bildirib ki, hələ də rəqiblərindən geri qalırlar.

Bu il Fabio Kuartararonun komandası ilə müqaviləsi başa çatır və buna görə də Yamaha-nın üzərində böyük təzyiq var. Fabio da daha əvvəl bildirib ki, Yamaha-nın onu razı salması üçün az vaxtı var. Yaponlar bu il özlərinə gələ bilməsələr, 2021-ci ilin Dünya Çempionunu itirə bilərlər. Buna görə də bu il sürücü bazarında güclü dedi-qodular gözlənilir.

Yamaha motosikleti daha yaxşı hala gətirmək üçün komandaya Avropa zehniyyəti cəlb edir. Buna görə də Formula1-in sabiq baş motoristi Luka Marmorinini transfer ediblər.

Yamaha bu il sürücü heyətində də dəyişiklik edib. Franko Morbidelli komandanı tərk edib. İtaliyalı sürücünü keçən il Ostin yarışını qazanmış Aleks Rins əvəz edib.

Yamaha komandası bu il də peyk komandası olmadan yarışacaq.

Rauf Hacıyev

Şərh əlavə et